(1914-cü ilə qədərki mərhələ)
Bu gün dünyada baş verən bir çox siyasi hadisələr və gözlənilməz qərarlar müxtəlif qütblərin oyun predmeti kimi istifadə edilməkdədir. Bəzi dövlətlər xüsusilə böyük iqtisadi və hərbi potensiala malik ölkələr öz mənafelərindən irəli gələrək onlara heç bir aidiyyatı olmayan, ümumiyyətlə tarixi hadisələri birtərəfli təhlil edərək xalqların daxili işlərinə qarışır, özlərinin vaxtılə kütləvi qırğınlarda iştirak etməsini bir kənara qoyub dünyada mövqe qazanmaq üçün rəqiblərinin üzərində dominantlığı bu cür qoruyub saxlamaq istəyirlər. Bunun üçün onların işinə ən çox yarayan məsələlərdən biri də qondarma erməni soyqırımı iddialarıdır.
Bu gün Türk dünyasını təhdid edən bu “soyqırımı” iddiaları təməl prinsiplərini terrorçuluq üzərində quran və separatizm və terrorizmi dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistanın ideoloji mahiyyət etibarilə əsas silahına çevrilmişdir.
Qondarma erməni soyqırımı XX əsrin əvvəllərində, daha dəqiq desək 1915-ci ildə Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin sistemli və kütləvi şəkildə məhv edilməsini irəli sürən iddiadır. Güya ermənilər birinci dünya müharibəsi illərində indiki Türkiyənin sələfi Osmanlı dövlətinin rəhbər adamlarının xüsusi göstərişlərinə əsasən məqsədyönlü olaraq qətlə yetirilmiş və bu “genosid” nəticəsində 1.5 milyon erməni öldürülmüşdür. Bəs tarix bizlərə bu barədə hansı həqiqətləri pıçıldayır? “Erməni soyqırımı” kimi iddia edilən bu hadisələrin gerçək mahiyyəti əslində necədir. Elə isə bu olayların baş verdiyi tarixə nəzər salaq.
Erməni üsyanları və onu doğuran səbəblər
XIX əsrin sonlarında Osmanlı imperiyası ərazisində bir sıra üsyanlar baş qaldırdı. Bu dövrdə beynəlxalq münasibətlərin kəskinləşməyə doğru getməsi, Avropa dövlətlərinin xüsusilə çar Rusiyasının Osmanlı dövlətinə qarşı yürütdüyü düşmənçilik siyasətinin nəticəsi olaraq Balkan, Yaxın Şərq və Şərqi Anadoluda türklərə qarşı üsyanlar alovlanmağa başladı. Balkanda serblərin, bolqarların, Anadoluda ermənilərin, Ərəbistanda, Suriyada, İraqda isə ingilislərin təşviqi ilə ərəblərin hökumət əleyhinə çıxışları baş qaldırdı. Çar Rusiyasının Osmanlıya qarşı ərazi iddiaları həm müharibə ilə həmdə ermənilərə, serblərə və yunanlara qarşı verilən siyasi dəstəklə müşahidə olunurdu. Ermənilərin əsrlər boyu türklərlə qonşu və bir sərhəd daxilində yaşayaraq “sadiq” və “məzlum” görkəm formalaşdırmaları türklərin onlara qarşı səmimi münasibət sərgiləməsi ilə seçilirdi. Sonda bu inanılmış seçim ermənilərin lehinə türklərin isə əleyhinə işlədi. Belə ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni şovinst ideoloqları və kilsə xadimləri bu işin reallaşdırılması üçün rus-türk müharibəsində Osmanlıya arxadan zərbə vurmaq, kütləvi üsyanlara başlamaq, dinc əhaliyə divan tutmaq, ölkə ərazisində xaos və iğtişaşlar törətmək hakimiyyəti onların muxtariyyətini və müstəqil dövlətini tanımağa məcbur etmək yolunu tutdular. Bu işdə onlara Qərb dövlətlərinin xüsusilə çar Rusiyasının maddi və mənəvi dəstəyi əsas yardımçı vasitə oldu. Hələ 1876-cı ilin dekabrın 6-da İstanbuldakı erməni patriarxının ingilis səfiri Eliota göndərdiyi məktubda yazılır: “…əgər Avropanın bu işə müdaxiləsi və diqqətinin çəkilməsi iğtişaş və üsyan çıxarmaq tələb edirsə, bunu etməkdə heç bir çətin iş yoxdur (1) deməsi bu işə ermənilərin hələ uzun illərdən bəri hazır olduğunu və özlərinin bu işə qəsdən “qol qoyduğu”nu açıq-aşkar sübut edir. Bunu 28 mart 1894-cü il tarixində İstanbuldakı ingilis səfiri Currie öz ölkəsinin xarici işlər nazirliyinə göndərdiyi məktubunda da təsdiqləyir. O yazır: “ Erməni iğtişaşçılarının hədəfi qarşıqlıqlar yaradaraq, Osmanlıları buna cavab verməyə təhrik etmək və beləcə xarici ölkələrin məsələyə münasibətini təmin etməkdir.” (2) Beləcə üsyanların ilk közərtisi Musa bəy olayı adı ilə tarixə düşmüş hadisədən başlayır. Gəlin silsilə erməni üsyanlarının I Dünya müharibəsindən öncəki tarixinə qısa nəzər yetirək.
Musa bəy hadisəsi
Hnçak Komitəsi tərəfindən İstanbulda təşkil olunan Qumqapı silahlı təxribatından əvvəl, terror təşkilatı bütün Avropada müxtəlif formada təbliğat üçün istifadə etdiyi vasitələrdən biri də Musa bəy hadisəsidir. Bu hadisə bilavasitə Türkiyədəki ermənilərin təhlükəsizliyi, xristianlıq təssübkeşliyini qabartmaq məqsədilə fəryadların qoparılması ilə başlayır. Güya Mutkili olan Musa bəy haqqında irəli sürülən şikayətlər bu fəryadların qoparılmasına səbəb olmuşdur. Ermənilər iddia edirdilər ki, “ Musa bəy bir sıra talanlar və işgəncələrdə təşkilatçı qismində iştirak etmiş ancaq haqqında ölçü götürülməmiş və şikayətlərə hökumət tərəfindən baxılmamışdır. Xüsusilə Muş şəhərindən olan bir rahibin Gülzar adlı qardaşı qızının qaçırılaraq Musa bəyin evinə gətirilməsi, onun namusuna təcavüz edilməsi,sonra eyni halın Musa bəyin qardaşı tərəfindən edilməsi, İslamı zorla qəbul etdirmək cəhdi, və nəhayət Musanın qıza verdiyi işgəncələr Gülzarın bir qrup Muş şəhərində yaşayan erməni ilə İstanbula şikayətçi qismində gəlməsinə səbəb olmuşdur. Bu qız da daxil olmaqla 58 nəfər erməni baş nazirliyə şikayət etmiş lakin müsbət cavab almamışdır. Əslində isə bundan ötrü Musa bəyin İstanbula çağırılması faktı vardır. İstanbula mühakimə olunmaq üçün çağırılan Musa bəy xarici mətbuat nümayəndələrinin gözü qarşısında 60-dan çox şahid dindirmələri əsasında sorğu-sual edildikdən sonra tutarlı heç bir fakt olmadığına görə günahsız elan edilmişdir.” (3)
Bununla belə Musa bəy hadisəsi ermənilər üçün güclü bir təbliğat mənbəyinə çevrilə bilmişdir. Erməni qızı olan Gülzarın və əmisi rahibin şəkilləri çəkilərək Avropanın bütün mətbuat qurumlarına göndərilmişdir. Məqsəd keşişin “namusunun tapdalanmasını” əsas gətirərək xristian təəsübkeşliyindən yararlanmaq olmuşdur.
Ərzurum hadisəsi
Ərzurum üsyanı, 20 iyun 1890-cı ildə baş vermişdir. Həmin vaxt vali olan Samih Paşaya və digər bəzi məsul şəxslərə, ermənilərin Rusiyadan silah-sursat gətirdikləri və bu tədarükləri Sanasaryan məktəbində, kilsələrdə saxladıqları xəbəri verilmişdir. İyul ayı ərzində polislər kilsələrdə araşdırma aparmaq istəmiş, lakin ermənilər daha əvvəl bu yoxlamadan xəbərdar olduqları üçün dirəniş göstərmişlər. İlk əmirdən sonra komitəçi ermənilər, hadisə yerinə gələn əskərlərə atəş açırlar və nəticədə 3 hərbçini və bir polisi qətlə yetirirlər. Yalnız ermənilər zərərsizləşdiriləndən sonra kilsədə axtarışlar davam etdirilmişdir. (4)
Qumqapı təxribatı
Erməni komitələrinin təbliğat və təşviqat üçün istifadə etdikləri ən mühüm hadisələrdən biri də şübhəsiz ki, Qumqapı təxribatıdır. Türkiyənin məşhur tarixçisi Əsəd Uras yazır ki, 1890-cı il iyul ayının 15-də hnçaklılar tərəfindən Qumqapıda silahlı bir təxribatın təşkil olunması üçün iki erməni seçilir. Hadisə günü teleqraf xətləri kəsilir və Hnçakın bildirişləri erməni kütləsinin arasında paylanılır. Ermənilər kilsədə dini ayin icra edən keşişi onlarla saraya getməyə məcbur edirlər. Keşiş Aşıkyan qaçaraq monastra sığınır. Silahlı erməni quldurları monastrı tuturlar, lakin monastrda yığılan silahlar partlayır və məbəd yerlə-yeksan olur. Keşiş Aşıkyan məcbur edilərək silahlılarla saraya aparılır. Sarayın qarşısına toplaşmaq istəyən erməni kütləsi və terrorçu hınçaklılar “Yaşasın ermənilər, Yaşasın müstəqil Ermənistan” şüarları səsləndirirlər. Türk əskərləri və polisi bu qeyri-qanuni toplantını dağıtmaq üçün əraziyə gəlir və ermənilər onlara atəş açırlar. Bu təxribatın ideya müəlliflərindən və təşkilatçılarından olmuş H. Cangulyan atəş açmaqlarını belə izah edir: “ Bizimkilər vəhşi bir şəkildə əskərlərə dayanmadan atəş açırlar, əskərlər isə silahlıları həbs etməyə cəhd edirdilər. 6-7 əskər ağır yaralı olaraq yerə sərildi. 10 -a qədər əskərin isə yarası yüngül idi. Özümüz isə iki nəfər itirdik.” (5)
Zeytun Üsyanı
1895- ci ilin iyulunda Zeytun bölgəsində Hnçak terror təşkilatı ermənilərin üsyanını təşkil edir. Başında Nazarbekov qardaşlarının dayandığı Hnçak terror təşkilatının beş fəalı Zeytuna gələrək erməniləri üsyana sövq etmiş və ingilislərin bu üsyanda onlara dəstək olacaqlarını bildirmişlər. Əsəd Uras yazır: “16 sentyabr 1895-ci ildə 100 nəfərlik quldur qrup “Qaranlıq dərədə” toplaşaraq üsyana qalxmışlar. Bütün teleqraf xətləri kəsilmiş, iki min silahsız və dörd min silahlı erməni bölgənin bütün yerlərində iğtaşaşlar törətmişlər. Bölgənin valisi, 50 əskər və ümumilikdə 600 nəfər əsir götürülmüşdür. Əsirlər erməni qadınları tərəfindən öldürülmüşdür. Komandan Rəmzi Paşa yalnız kömək göndəriləndən sonra üsyanı yenidən Zeytuna sıxışdırmışlar. Modern silahlardan istfadə edən erməni asilərini zərərsizləşdirmək çətin olsada türk qoşunları ərazini təmizləyirlər. Silahlı üsyançıları məhv etməyə az qalmış İstanbuldakı Avropa ölkələri səfirlikləri müdaxilə etmiş, sülh təklif etmiş və hərəkat dayandırılmışdır.”(6) Tarixçi Kamran Gürün qeyd edir ki, üsyandan sonra elçilər Hələb şəhərindəki konsulluqlarını bu üsyançıların xilası üçün səfərbər edirlər. Altı dövlətin konsulu 1896-cı ildə Zeytuna gəlmiş və 28 yanvarda “barışıq” yaradılmışdır. Barışığın şərtlərinə görə silahlar təhvil verilmiş, Hnçakın təxribat qrupu fevralın 13-də ölkədən çıxarılmış və 12 martda Marselə getmişlər. (7) Bu dəfə də partiya bu qanlı təşviqatı ilə erməniləri üsyana sövq etmiş və onlarda böyük Ermənistan quracaqlarına inam yaratmış lakin nəticədə məğlub olmuş və xeyli erməni, kürd və türk qətlə yetirilmişdir.
Birinci Sasun üsyanı
1890-cı ildə Mehran Damadyan adlı bir Hnçak üzvü üç ilə qədər təbliğat apardıqdan sonra Sasun ermənilərinin xəbər verməsindən sonra mühakimə edilmək üçün İstanbula aparılmış lakin sonra sərbəst buraxılmışdır. Sonrakı üsyan isə sırf əcnəbi dövlətlərin müdaxiləsini reallaşdırmaq məqsədilə Hnçak komitəsində hazırlanmış və Murad Boyaçıyan vasitəsilə başlanılmışdır. Ə. Uras yazır ki, Murad Sasuna getmək üçün əvvəlcə Qafqazdan keçərək Daşnaksütyun komitəsindən dəstək alır. Sasuna çatdıqda isə ətrafına erməniləri toplayaraq üsyan planını onlarla bölüşür. Təqribən 3000-ə yaxın silahlı erməni Antaq dağına sığınaraq dinc türk qəsəbələrinə və kəndlərinə amansız hücuma keçdilər. Qadın-uşaq,cavan-qoca bilinmədən yüzlərlə insan qətlə yetirildi. Erməni quldurları türklərlə yanaşı kürdlərin bölgədə öz nüfuzu ilə tanınan aşirətlərinə hücum edərək, kürdləri kütləvi tələfata uğratdılar. Əllərinə düşən bütün müsəlman əsirlərin dini inancları təhqir olundu. Xeyli qadın erməni təcavüzünün qurbanı oldu. Qətllər xüsusi amansızlıqla həyata keçirildi. Hücum etdikləri dinc əhalinin bütün əmlakı qarət edildi və yandırıldı. Erməni quldurları Muş şəhərinə hücum edib oranı işğal etmək istədilər. Lakin Muşda yerləşən türk qarnizonu bunun qarşısını aldı. Hücuma məruz qalmış müsəlman əhali xaçı öpməyə və xristianlığı qəbul etməyə məcbur edildi. Bunu rədd edənlər amansızlıqla öldürüldü.
Tarixən törətdikləri vəhşilikləri yalanlarla pərdələməyə adət edən ermənilər Sasun hadisələrində də hər şeyi türklərin üstünə atmağa cəhd göstərdilər.Bu barədə Amerikalı tədqiqatçı Samuel Uins ermənilərlə bağlı yazdığı kitabında qeyd edir: Britaniyalı kapitan Norman 19 sentyabr 1895-ci ildə qəbul edilərək Adana regionunda yaşayan ermənilərə ünvanlanmış erməni manifestinə istinadla məruzə edir. Manifestdə yazılır: “Ermənilər, döyüş üçün silahlanın! Gəlin qılınclarımızı sıyıraq və düşmənin üstünə atılaq!” Norman deyirdi ki, Britaniya jurnalistləri “ermənilər tərəfindən ələ salınıb”. O əlavə edirdi ki, “öz uşaqlarını Antaq Dağındakı (Sasun) qayadan atmaları və namuslarını qorumaq üçün onların arxasınca özlərini də atdıqları haqqında erməni analarının dedikləri tamamilə əfsanədir”. Kapitan əhalinin içərisində ermənilərin sayı haqda sual verir və deyir ki, onlar “öz qurbanlarının sayını artırdıqları kimi hər şeyi şişirdirlər”
Bunu ermənilərin qaldırdığı məsələləri qiymətləndirmək üçün Osmanlı hökumətinin 1894-cü ildə Sasun Təhqiqat Komissiyasının gəldiyi nəticələrdən də görmək mümkündür. Müsəlman üzvləri ilə birlikdə komissiyada ingilis, fransız və ruslar da var idi. Komissiya belə qərara gəldi ki, bir-birinə hücum edən ermənilər də, türklər də eyni dərəcədə günahkardır. Buna baxmayaraq, Britaniya nümayəndəsi ayrıca hesabat hazırladı. O, qeyd edirdi ki,”ermənilərin türk əskərləri tərəfindən kütləvi qırılması, xüsusilə erməni qadınlarının Qeliquzandakı kilsədə doğranması və Talaridəki qadın monastrının dağıdılması haqqında yaydığı xəbərlərin heç bir əsası yoxdur” ( 12)
İngiltərənin Vandakı konsulu Holvard Sasuna vəziyyəti öyrənmək üçün getmək istəyir. Lakin Osmanlı hökuməti səfiri bu üsyanın təşviqatçılardan biri kimi gördüyü üçün getməsinə izn vermir. Çox keçmir ki, hökumətə təzyiq nəticəsində Rusiya, İngiltərə, Fransanın konsulları Ərzurumda toplaşaraq məsələni müzakirə edirlər. Xüsusi komissiya yaradılır. Altı ay gərgin araşdırmaların nəticəsində 108 toplantı keçirilmiş, 190-dan artıq şahid dindirilmişdir. 23 avqustda üsyanın əsas başçısı Murad həbs edilmişdir. Bu üsyanın ermənilər üçün böyük əhəmiyyəti var idi. Onlara görə Sasunda qopacaq bir üsyan dalğası Avropaya qəti hərəkətə keçmək üçün fürsət verəcəkdir. Bununla da erməni xülyaları təmin olunacaq. Gərgin döyüşlər və itgilərdən sonra üsyan yatırılır. Bu hadisə barədə Amerikanın “Nyu-York Herald” qəzeti yazırdı: “ Komissiya müəyyən etmişdir ki, Osmanlı hökuməti asilərə qarşı ordu göndərməklə ən qanuni haqqından istifadə etmişdir. Bu əskərlər qanlı çarpışmalardan sonra erməniləri yenə biliblər. Quldurlar dinc əhaliyə divan tutmuş. Müsəlman olanlar öldürülmüş, təhqir və qarət olunmuşdur. Bir çox müsəlmanlar gözləri oyularaq, qulaqları kəsilərək ən alçaqcasına həqarətlər edilərək xristianlığı qəbul etməyə və xaçı öpməyə məcbur edilmişdir.
Türklər tərəfindən qadınlara,uşaqlara, ahıllara, əlillərə İslami və insani hökümlərə uyğun davranılmışdır. Ölən ermənilər təslim olmağı qəbul etməyən və ölkənin qanuni hakimiyyətinə qarşı vuruşanlardır.” (8)
Van üsyanı
Van üsyanı 1895-ci il iyun ayının 15-də başlamışdır. 6 il Vanda sonra isə Ərzurumda Rusiyanın konsulu olmuş general Mayevski xatirələrində yazır: “1895-ci ildə Van ixtilalçıları Avropanın diqqətini erməni məsələsinə çəkmək üçün geniş bir hərəkata başlayırlar, varlı ermənilərə maliyyə yardımı göstərmək üçün ölüm təhdidlərinə söykənən məktublar göndərilmişdir. Van ixtilal komitəsi tərəfindən bəzi cinayətlər həyata keçirilir. Bunların içində ən önəmli cinayət yanvarın 6-da ermənilərin ən böyük bayram günü, müqəddəs ayinlərin icrası üçün kilsəyə gedərkən nüfuzlu din xadimi keşiş Boqosun öldürülməsidir. Bahar gəldikdən sonra isə üsyan hazırlıqları daha da sürətlənmiş, şəhərin yaxınlarında öldürülüb vücudları parçalanan insanlardan bəhs edilməyə başlanmışdı. Təxribatçılar bu kimi cinayətlərə qarşı təqib və dərin axtarış aparılmadığını görüb daha da cəsarətlənirlər. Onların ayağı yer aldıqca müsəlmanların da səbri azalırdı” (9)
Vilayət raportlarında xüsusilə Vana göndərilmiş qoşun birliyinin komandiri Səadətdin paşanın raportunda üsyan başlayandan bitənədək 418 müsəlman ilə yanaşı 1715 erməninin həyatını itirdiyi, 363 müsəlman və 71 erməninin yaralandığı bildirilmişdir. Osmanlıdakı ingilis başkonsulu Viliams da üsyan barədə diqqətçəkən fikirlər bildirmişdir. Diplomat qeyd edir ki, “ Daşnaqların Vanda 400-ə qədər mənsubu var və sayının 50 -ni keçdiyini sanmadığım hnçaklılarla birlikdə onlar öz dindaşlarını terror törətməyə məcbur edir və öz çılğınlıqlarıyla müsəlman xalqı da onlara qarşı təhrik edir və islahatların aparılmasına imkan vermirlər. Əgər bunlar susdurula bilsə bölgənin əmin-amanlığını əngəlləyən ən böyük maneənin ortadan qalxacağına əminəm” (10)
II Sasun üsyanı
Sasunda 8 avqust 1895-ci ildəki üsyan bir nəticə verməyəndən sonra daşnaklar ikinci zərbəni 1897-ci ildə vurmaq istədilər. Daşnaq quldur birləşmələri Türkiyəyə İrandan və Qafqazdan Van yolu ilə daxil olurlar. Lakin yolun üstündə Mazrik kürd aşirəti onlara mane olurlar. Bu tayfanı birdəfəlik məhv etmək üçün komitəçilər 250 nəfərlik bir dəstə ilə aşirətin Honasordakı çadırlarına basqın edirlər. Ancaq istədikləri nəticəni əldə etməyərək geri çəkilirlər. Bundan sonra daşnaklar fəaliyyətlərini Sasun və Muş ərazisinə keçirirlər. Həmin vaxt qaniçən Andronik Ozanyan dəstələrə ümumi rəhbərliyi ələ almışdı. O, 1866-cı ildə Şərqi Qarahissarda doğulmuş və gənc yaşında terror təşkilatlarına daxil olmuş və bir türkü öldürdüyü üçün həbsxanaya salınmışdı. Terror təşkilat komitəsi tərəfindən həbsdən qaçırdılaraq Batuma göndərilmişdi.
1903-cü ilin sonundan etibarən üsyan dalğası bütün Sasunu bürüyür. 13 aprel 1904-də iğtişaşların yatırılması üçün ordu qüvvələri yeridilmiş və üsyan sıxışdırılmışdı. Məğlub olan Andronik Qafqaza qaçmaqla canını qurtarmağı bacarmışdır.
K.Küdülyanın “ Andronik savaşları” adı ilə 1929-cu ildə Beyrutda ermənicə çap etdirdiyi kitabda yazdığına görə bu üsyanda 1132 türk öldürülmüş, sadəcə 19 erməni ölmüşdür. Erməni müəllifin verdiyi rəqəmlərdən də görünür ki, ermənilər məhv edilən deyil, onlar dinc insanları məhv edən toplum kimi təqdim olunmaqdan əksinə təqdim olunur. (11)
Ulduz suiqəsdi
Daşnakların Türkiyədə göstərdiyi mənfur əməllərdən biri də sultan Əbdülhəmidə edilən sui-qəsddir. Xristofor Mikayelyan, Hersoqovinalı Vram Şabuh Kendiryan, Belçikalı Joris ve həyat yoldaşı, bir tərəfi yunan olan Silvio Rişçi, alman doğumlu Lipa-Rips, Ardaş Kaptanyan,Kris Fenerçiyan, Aşot (Karlo Yovanoviç) və bir qismi Qafqazdan və Avropanın müxtəlif ölkələrindən gəlmiş ermənilər İstanbulda toplanaraq sui-qəsd planını hazırlayırlar. İlkin olaraq 12 bomba götürərək Polonez kəndində və İbrahim paşa dairəsində sınaqdan çıxardırlar. Mikayelyan rus yəhudisi tacir passportu sayəsində Rusiya səfirliyindən aldığı tövsiyəylə bir neçə dəfə sultanla görüş məclisinə gedərək orada qərar tutmuş və sultan keçərkən üstünə bomba atmağı planlaşdırmışdı. Yalnız sonradan aydın olmuşdu ki, Salamlıq vadisində yollara qum tökülməsi səbəbindən bombanın partlaması mümkün deyildir.
Milliyyətcə erməni olan tarixçi Levon Panos Dabağyan suiqəsd hadisənin təfsilatını belə verir: “1904-cü ilin yanvarında Sofiyada toplaşan Daşnaksütyun partiyasının konqresində önəmli qərarlar qəbul edilmiş və bu qərarlara əsasən hazırlanan plana görə İstanbul və İzmirdə geniş çapda terror hərəkətlərinə başlanılacaq və sultan Əbdülhəmid aradan götürüləcəkdi… Daşnak komitələrinin bölgələrdə bu dərəcə güclənib, yayılmasının başında Hajak və Hraç adlarındakı iki terrorçu idi, bunlar da 1887-ci ildə İzmirdə terror hərəkətlərinə girişmiş və erməni əsilli varlıları xərac verməyə məcbur etmiş və özlərinə qarşı çıxanları namərdcəsinə güllələmişlər…İndi isə yeni hədəflər seçmişdilər və planları banklar, gömrük idarəsi, stansiyalar, körpüləri talamaq və dağıtmaq idi. Təxribatçıların başında duran şəxs isə daşnak qurucularından olan Xristofor Mikayelyan idi. Onun isə birbaşa hədəfi Əbdülhəmid xan idi ”.
Erməni tarixçisinə görə, Sultan II Əbdülhəmidə qarşı suiqəsd planı Sofiya konqresində qəbul edilsə də, əsl plan İsveçrədə “Siyonistlər”lə birlikdə hazırlanmışdı…İsveçrədə suiqəsd planı təkrar nəzərdən keçirildikdən sonra daşnakların terrorçu lideri X. Mikayelyan Tiflisə oradan da Yunanıstana keçmişdi. Zare adında bir erməni qadın onları qarşıladıqdan sonra təşkilat komitəsində Mari Ançkova və Rubina adlı daha iki qadın iştirak etmişdi. Yunanıstan və Bolqarıstandan bomba emalı ilə bağlı lazım olan çeşidli maddələr alındıqdan sonra İstanbula gedən Mikayelyan yanına Marini də götürmüş, rus səfirliyi vasitəsilə bu qadına Rubina Fayn və özünə də Samuel Fayn saxta ad və soyadla bir pasport hazırlatdırmış və Rusiya yəhudisi adı altında İstanbula gəlmişdi. (13)
Daha sonra Ramazan ayının on beşinci günündəki törəndə, yolda iki adamın tapança ilə padşaha hücum etməsi planı cızılmış və təyin olunan adamlar tapançalarla gözləmişlər lakin həmin gün sultanın Çırağan Sarayına Ulduz baxçasından keçməsi, quldurların bu planını da nəticəsiz qoymuşdur.
Nəhayət xarici qonaqların olduğu yerlərdə bomba atmaq və eyni zamanda avtomobil ilə böyük bir partlayış planı irəli sürülmüşdür. Sürücünün oturduğu yerə 120 kiloqramlıq partlayıcı yerləşdirilmiş və 42 saniyəlik saatlı bomba hazırlanmışdır. Avtomobilin idarəsi 45 yaşındakı keçmiş erməni qatili Zare Haçikyan adında birisinə həvalə edilmişdi. 1905-ci ilin 18 iyulunda cümə günü sultan salamlaşma tədbirindən saraya qayıdarkən bomba partladılmışdır. Sadəcə məsçiddən çıxdıqdan sonra Şeyxülislamla görüşməsi və bir neçə dəqiqə gecikməsi səbəbi ilə sağ qalmışdır. Sui-qəsd nəticəsiz yekunlaşmışdır. Hadisə ilə bağlı Avstriya mənşəli Eduard Joris adlı şəxs edama məhkum edilmişdir. Bir müddətdən sonra isə həbsxanadan saraya gətirilən Joris, ermənilər əleyhinə çalışmaq üçün agent təyin edilib Avropaya göndərilmişdir. (14)
Adana hadisəsi
Məqsədyönlü şəkildə təşkil edilən erməni üsyanlarından biri də Adana hadisələridir. İki türk gəncinin qətlə yetirilməsi və qatilin ermənilər tərəfindən təslim edilməməsi hadisələrin nəzarətdən çıxması ilə nəticələnmişdir. Tanınmış türk diplomatı və yazarı Kamuran Gürün yazır: “ Müsəlmanlarla ermənilər üç gün dayanmadan küçə döyüşləri aparmışlar. Hökumət dərhal Adanaya qoşun yeritmiş və erməni üsyanı yatırılmışdır. Bəzi mənbələrdə hadisələrdə 17000 erməninin və 1850 müsəlmanın öldürüldüyü bildirilir. Erməni patrixarxı 21300 nəfərin öldürüldüyünü bildirsədə bu öz təsdiqini heç bir yerdə tapmayıb. Osmanlı hökuməti hadisələrdə cinayətlər törətmiş həm erməniləri həm də müsəlmanları məhkəmə cəzasına cəlb etmişdir”. (15)
Gördüyümüz kimi, guya 1915-ci ildə baş vermiş “erməni soyqırımı” deyilən hadisələrin başlanğıcı hələ I Dünya müharibəsindən əvvələ gedib çıxır. 1914-cü ilə qədər artıq ermənilər yuxarıdakı hadisələri törətmiş və onminlərlə dinc türkün həyatına son qoymuşlar. Şübhəsiz ki, ölkədaxili ağır və gərgin mübarizə şəraitində olmasına baxmayaraq, üstəlikdə çar Rusiyasının birbaşa dəstəyi ilə müşayiət olunan erməni xəyanətkarlığı ilə qarşılaşmasına rəğmən, Osmanlı dövləti əhalisinin qırılmasına müşahidəçi qalmamış, müqavimət göstərmiş və nəticədə erməni quldurları da müəyyən itgilərə məruz qalmışdır. Lakin həqiqət budur ki, yerli türklərlə müqayisədə ermənilərin epizodik itgiləri şişirdilmiş və dünyaya bu gündə “real rəqəmlər” kimi sırınmaqda davam edir. Və onu da qeyd edək ki, qırğınlarda türklər tərəfdən ölənlərin əksəriyyəti dinc sakinlər, qocalar, uşaqlar, qadınlar olmuşdur. Ermənilərin itgiləri arasında isə dinc sakinlər deyil, silahlı quldurlar mütləq əksəriyyəti təşkil etmiş və onlar Osmanlı əhalisinə divan tutmaqdan savayı, ordunun təslim çağırışlarına cavab verməmiş, rus qoşunlarının dəstəyinə arxalanaraq dövlətə müqavimət göstərmişdir.
Anar TURAN,