Tarixi Azərbaycan şəhəri olan İrəvanın əhalisi haqqında məlumatları XIX əsrin əvvəllərinədək ayrı-ayrı salnaməçilərin və səyyahların yol qeydlərindən, Osmanlı işğalı dövründə tərtib edilmiş vergi dəftərlərindən əldə etmək mümkündür. İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra keçirilən kameral siyahıyaalmalar, statistik hesabatlar, illik nəşr edilən təqvimlər şəhərin əhalisi haqqında kifayət qədər dolğun məlumat verir. İlk mənbələr İrəvan şəhərində aborigen əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını təsdiq edir. Bəzi dövrlərdə şəhərin əhalisi haqqında məlumatlarda kəskin fərqlərin ortaya çıxması şəhər uğrunda Səfəvilərlə Osmanlılar arasında gedən müharibələrlə bağlı olmuşdur.
Məşhur türk salnaməçisi və coğrafiyaşünası Övliya Çələbi 1647-ci ildə Çuxur-Səəd bəylərbəyliyini gəzmiş, İəvan qalasını və şəhəri öz “Səyahətnamə”sində ətraflı təsvir etmişdir. O, şəhər içərisində təqribən 2060 üstü gillə örtülmüş evin olduğunu, qalada isə 3000-ə qədər gözətçinin, 3 minlik xan ordusunun, 7000 əyalət əsgərinin olduğunu qeyd etmişdir. Bu məlumat əsasında təqribi hesablama apardıqda (hər ailədə 5-6 nəfər hesabı ilə) belə qənaət hasil olur ki, həmin dövrdə İrəvan şəhərində qala ilə birlikdə təqribən 25 min əhali olmuşdur.
Fransız səyyahı Jan Şardən “Parisdən İsfana səyahət” əsərində 1673-cü ildə İrəvanda gördüklərini geniş şəkildə təsvir etmişdir. İrəvan qalasını, Xan sarayını təsvir edən Şardən yazır ki, təxminən 800 evdən ibarət olan qala kiçik bir şəhərdən böyükdür, orada ancaq təmizqanlı səfəvilər yaşayırlar. Səyyah qalanın müdafiəsi üçün iki min əsgər ayrıldığını yazır. Təmizqanlı səfəvilər dedikdə, müəllif İrəvanın şiə məzhəbli türk qızılbaş əhalisini nəzərdə tuturdu.
“Qədim İrəvan” kitabında İrəvan əhalisindən bəhs edən Yervand Şahəziz Şardənin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edərək yazır ki, qalada yalnız türklər yaşayırdılar, ermənilərin isə orada yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər.
Digər avropalı səyyah – 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq etmişdir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdilər. O, yazır: “İrəvan şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində – red.) yalnız iranlılar (yəni Azərbaycan türkləri), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır. Onlar iranlılara (yəni Azərbaycan türklərinə) vergi verirlər”.
Rus qoşunlarını Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirmək üçün I Pyotrun sarayına yol tapan erməni İsrael Ori 1701-ci il iyulun 25-də çara təqdim edilməsi üçün tərcüməçiyə yazdırdığı yaddaş qeydlərinin 7-ci bəndində Rəvan (İrəvan) qalasını ələ keçirmək yollarını göstərir və qeyd edirdi ki, şəhərdəki barıt və digər hərbi sursat anbarı ermənilərin əlindədir, onlar orada pul - İran pulu kəsirlər. İ.Ori şəhərdə 300 nəfərdən artıq erməninin yaşadığını və həmin ermənilərlə sövdələşməklə onların qalanın qapısını rus qoşunların üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ keçirilə biləcəyini göstərir.
Ermənilərin müxtəlif vaxtlarda İrəvan şəhərində məskunlaşmaları barədə məlumatlar tarixdə öz əksini tapmışdır. 1736-cı ildə Muğanda keçirilən tacqoyma mərasimindən sonra Nadir şah xanların hamısına götürdüyü erməni əsrlərini paylamışdı. Nadir şahın qılığına girən Eçmiədzin katolikosu Abram Kretasi müxtəlif yerlərdən əsir alınmış ermənilərin bir qisminin İrəvana göndərilməsinə nail olmuşdu. 1740-cı ilin əvvəlində isə katolikos Qazar Çahçesinin təşəbbüsü ilə “Rumdan və Kürdüstandan” (Şərqi Anadoludan) xeyli erməni gətizdirilərək Eçmiədzində və ətraf bölgələrdə yerləşdirilmişdi.
Osmanlı işğalından sonra 1728-ci ildə tərtib edilən İrəvan əyalətinin müfəssəl dəftərində İrəvan şəhərində 428 evli türk müsəlman, 224 evli və 9 subay xristian qeydə alınmışdır. Evlilərin ailə tərkibi orta hesabla 5 nəfər götürdükdə şəhərdə yaşayan 3369 nəfərin 63,5 faiz türk-müsəlman, 36,5 faiz isə xristian olduğu aydın olur. Həmin vaxt şəhərdə 100 xristian qaraçı (boşa) ailəsinin (təqribən 14,9 faiz) yaşadığını nəzərə alsaq, onda erməni xronikalarının müəlliflərinin iddia etdikləri kimi, İrəvan şəhərində ermənilər əksəriyyət deyil, əhalinin cəmisi 21,6 faizini təşkil etdiyi aydın olur. İrəvan şəhərinin əhalisi barədə məlumatları avropalı səyyahların, o cümlədən xristian missionerlərinin həm də Eçmiədzin katolikosluğundan aldqlarını nəzərə alsaq, onda bir çox hallarda həmin məlumatların bilərəkdən ermənilərin xeyrinə saxtalaşdırılmasının səbəbləri də aydın olur. Məsələn, J.Şardən Parisdən İrəvanadək erməni nökəri Allahverdi müşayiət etmiş, İrəvandan Təbrizədək isə məlumatları erməni mehmandarı Arazindən almışdı. Lakin xristian səyyahların yazdıqlarında məlumatlar nə qədər təhrif edilsə də yenə də görünən mənzərə odur ki. İrəvan şəhərində və ətraf bölgələrdə azərbaycanlılar aborigen əhali olmuş, ermənilər isə həmin ərazilərə sonradan axışıb gəlmişlər.
Ermənilərin İrəvan xanlığının ərazisinə kütləvi axını 1801-ci ildən rus qoşunlarının İrəvan xanlığının ərazilərinə daxil olması anından etibarən kütləvi xarakter almışdır.
İrəvan qalasının alınmasındakı xidmətlərinə görə fəxri “qraf Erivanski” tituluna layiq görülən general İvan Paskeviçin dəvəti əsasında Sankt-Peterburqdan İrəvana göndərilən və keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində yaradılan yeni inzibati-ərazi “Erməni vilayəti”ndə 1829-1831-ci illərdə kameral siyahıyaalma keçirən İvan Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik məlumatlar “Müsəlmanlar”, “Yerli ermənilər”, “İrandan köçürülənlər” və “Türkiyədən köçürülənlər” qrafaları altında verilmişdir. İ.Şopen yalnız Şəhər, Təpəbaşı və Dəmirbulaq məhəllələrinin əhalisi haqqında məlumat vermiş, sırf azərbaycanlıların yaşadığı Qala massivinin əhalisi haqqında məlumatı isə siyahıya daxil etməmişdir. O, şəhərin yuxarıda adları sadalanan üç məhəlləsində 2751 ailənin (11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin (7331 nəfər), 567 yerli erməni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 erməni ailəsinin (1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin (48) nəfər, habelə 46 boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığını göstərmişdir.
İ.Şopenin “yerli ermənilər” qrafasında göstərdiyi ermənilərin əksəriyyəti 1801-ci ildən İrəvan qalasının işğalınadək olan dövrdə gəlib qaladan kənar massivlərdə məskunlaşmışdılar.
İ.Şopenin şəhər əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumatlar da xüsusi əhəmiyyət daşıyır. Rusiya işğalından sonra xan nəslindən olanların, imkanlı ailələrin, din xadimlərinin bir çoxu şəhəri tərk edərək, əsasən Cənubi Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşmışdılar. Bununla belə, şəhərdə imtiyazlı təbəqələr içərisində yenə də azərbaycanlılar çoxluq təşkil edirdi. Həmin dövrdə İrəvan şəhərində 4 xan, 51 bəy, 19 mirzə, 50 molla, 39 seyid, 3 dərviş ailəsi yaşadığı halda, cəmisi 8 erməni məlik və bəy, 1 erməni mirzə, 13 keşiş ailəsi yaşayırdı. Deməli, bu təbəqələrdən ibarət 188 ailənin 166-sını azərbaycanlı, 22-sini isə erməni ailələri təşkil edirdi.
Rusiya işğalı ərəfəsində İrəvan xanlığının xristian əhalisinin ümumi sayı 20 faizdən çox olmamışdır. Qərb tədqiqatçıları G.Bournoutian və R.Hewson “Encyclopedia Iranica”da “The Persian khanate of Erevan” məqaləsində göstərirlər: “Yüz illik müharibələr səbəbindən 1804-cü ildə İrəvan şəhərinin əhalisi 6000 nəfərə qədər azalmışdı. 1827-ci ildə sonuncu xanın (Hüseynqulu xan nəzərdə tutulur) hakimiyyəti dövründə əhali artaraq 20000 nəfəri keçmişdi. Ermənilər əhalinin yalnız 20 faizini təşkil edirdilər. Türkmənçay müqaviləsindən və ermənilərin İran və Türkiyədən immiqrasiyasından sonra şəhərin erməni əhalisi 40 faizə yüksəlmişdi. Ümumi əhali isə farsların (yəni azərbaycanlıların) şəhəri tərk etməsindən sonra təqribən 12 min nəfərə qədər azalmışdı.” Müəlliflərin yazdıqlarından belə nəticə çıxır ki, İrəvan xanlığının rus qoşunları tərəfindən işğalından öncə şəhərin 20 min nəfər əhalisinin 20 faizini – yəni 4 min nəfərini ermənilər, 16 min nəfərini isə azərbaycanlılar təşkil etmişdir. İşğaldan sonra şəhərdə 12 min nəfər əhali olmuşdur ki, onun da 40 faizini – yəni 4800 nəfərini ermənilər, qalan 7200 nəfərini isə azərbaycanlılar təşkil etmişlər. Deməli, işğaldan öncə şəhərdə mövcud olmuş 16 min nəfər azərbaycanlıdan 8800 nəfəri şəhəri tərk edərək müxtəlif yerlərə köçməyə məcbur olmuş və yaxud müharibə nəticəsində tələf olmuşlar. Başqa sözlə, rus işğalından sonra şəhərin azərbaycanlı əhalisi yarıbayarı azalmışdır.
Rusiya ordusu Baş qərargahının kapitanı Pyotr Uslar tərəfindən tərtib edilən və 1853-cü ildə işıq üzü görən İrəvan quberniyasının hərbi-statistik icmalında şəhərin əhalisi haqqında məlumatda göstərilir ki, orada 1437 tatar (yəni azərbaycanlı) və 1169 erməni ailəsi yaşayır. Başqa sözlə, həmin vaxt şəhər əhalisinin 55,2 faizini azərbaycanlı ailələri, 44,8 faizini isə erməni ailələri təşkil etmişdir. Uslar, həmçinin şəhərdə 42 müsəlman ruhani, 3 xan, 48 bəy, 27 seyid və 3 dərviş ailəsi müqabilində cəmisi 33 erməni ruhani və 2 erməni məliyi ailəsinin yaşadığını göstərir.
İmperator Rus Coğrafiya Cəmiyyətinin 1865-ci ilə olan məlumatına görə, İrəvan şəhərində 6900 tatar (yəni azərbaycanlı), 5770 erməni yaşamışdır. Faiz etibarilə azərbaycanlılar 54,5, ermənilər isə 45,5 faiz təşkil etmişdir.
1886-cı ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 14738 nəfər (2968 ailə) qeydə alınmışdır. Şəhər əhalisinin 49,04 faizini (7228 nəfər) azərbaycanlılar, 48,45 faizini (7142 nəfər) ermənilər təşkil etmişdir.
1897-ci ildə ilk dəfə olaraq əhalinin ümumrusiya siyahıya alınması keçirilmişdi. Həmin vaxt İrəvan şəhərində 29006 nəfər əhali yaşamışdır ki, onun 43,15 faizini (12516 nəfər) azərbaycanlılar, 43,19 faizini (12529 nəfər) ermənilər təşkil edirdi. Statistika göstərir ki, İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında 2542 nəfər əsilli zadəganlardan 59,04 faizini (1501 nəfər) azərbaycanlılar , 12,03 faizini (306 nəfər) ermənilər təşkil edirdi.
XIX əsrin sonlarından etbarən Türkiyədə erməni üsyanlarının yatırılması nəticəsində on minlərlə erməni ölkəni tərk edərək Cənubi Qafqaza axışmışdı. Onların böyük bir qismi qaçqın kimi İrəvanda məskunlaşmışdı. Qaçqın erməniləri daimi məskunlaşdırmaq məqsədilə İrəvanda 1905-1906-cı illərdə 4 dəfə qırğınlar törədilmiş, azərbaycanlıların xeyli hissəsi ya məhv edilmiş, ya da evlərindən didərgin salınmışdı.
1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşadığı halda, 1908-ci ildə 1301 min erməni yaşamışdır. 1914-1916-cı illərdə Cənubi Qafqaza daha 350 min erməni Türkiyədən gəlib yerləşmişdi ki, onların da bir qismi İrəvanda məskunlaşdıqdan sonra azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı. 1918-1920-ci illərdə daşnak hökumətinin hakimiyyəti dövründə İrəvan şəhərində azərbaycanlılara qarşı əsl soyqırım törədilmişdi. Şəhərdə tək-tük azərbaycanlı qalmışdı.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. İrəvan şəhərində 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni yaşayırdı.
1939-cu ildə əhalisinin sayı 200 min nəfərə çatan İrəvanda azərbaycanlılar 3,3 faiz (6569 nəfər) təşkil edirdi. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdi. Xaricdən Ermənistana köçürülüb gətirilən ermənilərin məskunlaşdırılmasına xidmət edən bu qərar kənd rayonlarında yaşayan azərbaycanlı əhaliyə şamil olunmalı olduğu halda, fürsətdən istifadə edən Ermənistan rəhbərliyi İrəvan şəhərində yaşayan azərbaycanlıların əksəriyyətinin deportasiya edilməsinə nail oldular. 1959-cu ildə keçirilən siyahıyaalma zamanı təqribən yarım milyon əhalisi olan İrəvanda cəmisi 0,7 faiz (3413 nəfər) azərbaycanlı qeydə alınmışdı. Halbuki 1939-cu ildən ötən 20 il ərzində təbii artımla İrəvanda yaşayan azərbaycanlıların sayı azı 10 min nəfəri ötməli idi.
1979-cu ildə keçirilən siyahıyaalma zamanı əhalisinin sayı 1 milyon nəfəri ötən İrəvan şəhərində azərbaycanlılar 0,2 faiz (2341 nəfər), ermənilər 95, 8 faiz (974176 nəfər) təşkil etmişdi.
Ermənistanda gedən proseslərdən fərqli olaraq Azərbaycanda, o cümlədən Bakı şəhərində ermənilər münbit şəraitdə yaşayır, onların sayı ilbəil artırdı. Xüsusilə, 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra ermənilərin Bakıya vә digәr bölgәlәrә axını sürәtlәnmişdi. Bakıda ermәnilәrin sayı 1970-ci ildә 207,5 min nәfәrә, 1979-cu ildə 215,8 min nәfәrә çatmış, 1914-cu ildәki 9281 nəfər daimi yaşayanlara nisbәtәn müvafiq surәtdә 22,3 dәfә vә 23,3 dәfә artım olmuşdu. Bakıda yaşayan ermәnilәrin xüsusi çәkisi 1914-cü ildәki 6,7 faizdәn artaraq, 1979-cu ildә 14,1 faizә çatmışdı.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra nəinki təkcə İrəvan şəhərindən, bütövlükdə Ermənistandan azərbaycanlıların etnik təmizlənməsinə başlanıldı və həmin ilin sonunda demək olar ki, başa çatdırıldı. Rəsmi Ermənistanın Dağlıq Qarabağı ilhaq etmək üçün hərbi təcavüz yolunu tutmasından sonra Bakıda yaşayan ermənilər çıxılmaz vəziyyətə düşdülər və şəhəri tədricən tərk etmək məcburiyyətində qaldılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında vəziyyətə həsr edilmiş iclasında çıxış edən İrəvan dövlət universitetinin rektoru akademik Sergey Ambarsumyandan Sov.İKP MK-nın Baş Katibi Mixail Qorbaçov XX ərin əvvəlində İrəvanda azərbaycanlı əhalinin neçə faiz təşkil etdiyini soruşmuşdu. Rektor “Deməyə çətinlik çəkirəm” cavabını verəndə, Qorbaçov demişdi: “Siz bunu bilməlisiniz. Mən sizə xatırladıram – əsrin əvvəlində Yerevanda azərbaycanlılar 43 faiz təşkil edirdi. Bəs indi azərbaycanlılar neçə faizdir?” sualına S.Ambarsumyan “İndi çox azdır. Yəqin ki, bir faiz olar” cavabını vermişdi.
Bütün yuxarıda deyilənlərdən belə nəticə hasil olur ki, azərbaycanlılar XIX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin 80 faizini, həmin əsrin sonunda təqribən yarısını təşkil etdiyi halda, XX əsrin 80-ci illərin sonlarında həyata keçirilən etnik təmizləmə nəticəsində İrəvanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.