Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi – Hacı Novruzəli bəy və Hacı Cəfər bəy məscidləri 1930-cu ildə İrəvan şəhərinin baş planının qurbanı olmuşlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır.
1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar.
1990-cı ildə Dəmirbulaq məscidi yerlə-yeksan edilmiş və yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir.