1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər, Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcəkdə qurmaq istədikləri “Böyük Ermənistan” dövlətinin əsasını qoymaq istəyirdilər. XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni (onların bir çoxu silahlı idi) cənubi Qafqaza axışmışdı. [82] Qaçqın erməni ailələrini məskunlaşdırmaq üçün erməni kilsəsi, erməni siyasi partiyaları və erməni ziyalıları birgə “çıxış yolu” tapmışdılar: silah gücünə, kütləvi qırğınlar törətməklə azərbaycanlıları öz tarixi-etnik torpaqlarından qovmaq, boşaldılan ərazilərdə erməni ailələrini məskunlaşdırmaq. “Kaspi” qəzetinin müxbiri həmin dövrdə İrəvandan alınan məktublar əsasında yazırdı ki, ermənilər İrəvan quberniyasından bütün müsəlmanları sıxışdırıb çıxarmağı və sərbəst surətdə onların yerində Türkiyədən gələn erməniləri məskunlaşdırmağı qərara alıblar [83] 1897-ci il Ümumrusiya siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında mövcud olan 1301 kənddən 959-da türklər, 342-də ermənilər məskunlaşmışdı. İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında mövcud olan 221 kənddən 151-də türklər, 55-də ermənilər, 15 kənddə isə ermənilərlə türklər qarışıq şəkildə yaşayırdılar. Azərbaycanlı kəndləri üzük qaşı kimi İrəvan şəhərini əhatə edirdi. Ona görə də ermənilərin törətdiyi qırğınlar İrəvandan başlayaraq ətraf bölgələrdə davam etdirilmişdi.
1905-ci il fevralın əvvəlində Bakıda ermənilər tərəfindən bir nəfər azərbaycanlının şəhərin mərkəzində qətl edilməsindən sonra o dövrün mətbuatında “erməni-müsəlman qırğınları” adlandırılan kütləvi iğtişaşlar başlanmışdı. Erməni siyasi partiyaları “Daşnaksutyun” və “Hnçak” partiyalarının terrorçu silahlı dəstələrinin törətdikləri qırğınlara Çar Rusiyası administrasiyasının biganə qalması qırğınların miqyasının genişlənməsinə səbəb olmuş, iğtişaşlar tezliklə İrəvan şəhərinə də sirayət etmişdi.
Əsərlərini A-do imzası ilə çap etdirən erməni müəllifinin (onun əsl adı Hovanes Ter-Martirosyandır) verdiyi məlumata görə, İrəvan şəhərində birinci erməni-türk toqquşması 20-22 fevral 1905-ci il tarixində baş vermişdir. Fevralın 20-də bazar günü səhər saat 10-da şəhərdə ermənilər şayiə yayırlar ki, guya Qantar (Tərəzi) meydanında türklər erməniləri doğrayırlar”. Şəhərdə böyük çaxnaşma yaranır. Bazardakı ermənilər şəhərin erməni hissəsinə, türklər isə türklər yaşayan hissəsinə qaçışırlar, bir neçə saniyə ərzində bazar tamamilə boşalır. Təxminən 15 dəqiqə davam edən atışmadan sonra şəhər xəstəxanasına bir-birinin ardınca ölülər və yaralılar daşınır. Bir qədər sonra ölən və yaralanların sayı 14-ə çatır.
Fevralın 21-22-də də qırğınlar davam etmişdir. A-donun məlumatına görə, İrəvan şəhərində baş verən birinci toqquşma nəticəsində hər iki tərəfdən 54 nəfər öldürülmüş və yaralanmışdır. Şəhərdə ticarətə 5 gün ərzində ara verilmişdir. [84]
Erməni silahlı dəstələrinin növbəti hədəfi Naxçıvan qəzası olmuşdur. 1905-ci il mayın 5-də erməni silahlılarının ermənilər yaşayan Şıxmahmud kəndinin yaxınlığından keçən üç nəfər Cəhri kəndinin sakinlərini yaralamaları ilə Naxçıvan qəzasında erməni-müsəlman qırğınları başlanmışdır. Qafqazın canişini Voronsov-Daşkov iğtişaşların qarşısının alınması üçün general Maqsud Əlixanov-Avarskini Naxçıvana göndərir. (M. Əlixanov-Avarski general Hüseyn Naxçıvanskinin bacısının əri idi. Ona görə də “Daşnaksutyun” partiyası Əlixanov-Avarskiyə ölüm hökmü çıxartmışdı. İkinci Qafqaz diviziyasının komandanı olan general-leytenant Əlixanov-Avarski 1907-ci il iyulun 3-də Gümrüdə erməni terrorçuları Dro, Kamo tərəfindən qətlə yetirimişdi). Ermənilər Naxçıvan qəzasında azərbaycanlılardan layiqli cavab aldıqdan sonra qınlarına çəkilmiş, qırğınların mərkəzini Şərur-Dərələyəz və İrəvan qəzarlarına keçirməyə nail olmuşdular.
Naxçıvanda qırğınlar dayandırılan kimi, ermənilər İrəvanda yenidən qarışıqlıq olacağı haqda xəbərlər yaymağa başlamışdılar. Qarşıdan gələn təhlükəni aradan qaldırmaq üçün şəhərin erməni və müsəlman nümayəndələri yığışıb birgə tədbirlər həyata keçirməyi qərara almışdılar. Quberniya rəhbərliyinin yardımı ilə hər iki millətin nümayəndələrindən ibarət 22 nəfərlik sərəncamçı komissiya təşkil olunmuşdu. Şəhərə nəzarət etmək üçün onu kvartallara bölmüş və hər bir kvartala nəzarət etmək üçün bir neçə nüfuzlu erməni və müsəlman ayrılmışdı. Şəhər polismeysterindən xahiş edilmişdi ki, komissiyaya yardım etsin və mühafizəni gücləndirsin. [85]Lakin görülən tədbirlər İrəvanda növbəti qırğınların qarşısının alınması üçün yetərli olmamışdı.
Mayın 23-26-da İrəvan şəhərində baş verən ikinci qırğınlar miqyasına görə daha dəhşətli olmuşdu. İrəvan şəhərində baş verən qırğınlar, ermənilərin törətdikləri qətl və qarətlər haqqında o dövrün qəzetlərindən bəziləri doğru-dürüst xəbərlər vermişdilər. Nisbətən tərəfsiz qəzet hesab olunan «Qafqaz» qəzetində verilən xəbərə görə, İrəvanda iğtişaşların davam etdiyi ilk üç gün ərzində 31 nəfər – 9 erməni, 21 müsəlman, 1 aysor öldürülmüş, 24 erməni, 10 müsəlman, 1 yəhudi və 1 rus yaralanmışdır. [86]
Mayın 26-da baş verən qırğınlar haqqında isə “Kaspi” qəzeti “Tiflisskiy listok” qəzetinə istinadən yazırdı ki, bir tatarın (azərbaycanlının) evinə atılan bombadan 24 nəfər ölüb və yaralanıb, tatarların məskun olduqları Təpəbaşı məhəlləsində də bombalarla evlər partladılıb, çoxlu adam tələf olub, Zəngi dərəsində də çoxlu həlak olanlar var. [87]
Erməni silahlı dəstələri İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı kəndlərinə silahlı hücumlar edərək onları yandırmış, əhalisinin böyük əksəriyyətini məhv etmişdilər.
Üç aylıq fasilədən sonra 1905-ci il sentyabrın 18-də İrəvanda üçüncü erməni-müsəlman qırğınları başlanmışdır. İrəvan quberniyasının general-qubernatoru prins Lui Napoleon Bonapartın (Fransanın imperatoru Napoleon I Bonapartın nəslindəndir) sentyabrın 19-da İrəvandan göndərdiyi teleqramda deyilirdi ki, sentyabrın 18-də gündüz saat 3-də 10 nəfər müsəlman şəhərdən kəndə qayıdarkən şəhərətrafı bağların yanında orada olan ermənilərdən biri atəş açmış, nəticədə bir nəfər tatar ölmüş, biri isə ölümcül yaralanmışdır. Dərhal hadisə yerinə mühafizə növbətçisi, pristavın köməkliyi ilə atlı qoşun hissələri gəlmiş, onlar bağda 5 ermənini həbs etmişlər. Saat 5-də tutulmuş ermənilər şəhərə gətirilmiş, onların ətrafına erməni və müsəlman dəstəsi toplaşmış, hay-küy salmağa başlamışlar. Atlı dəstəyə əmr verilmişdir ki, toplaşan dəstəni dağıtsın, bundan sonra dəstə bazar və bulvar tərəfə istiqamətlənib. Müsəlmanlardan birinin atəş açması ilə kütləvi atışma başlanıb. İğtişaşlar zamanı 8 müsəlman, 2 erməni öldürülmüş, 3 müsəlman, 8 erməni yaralanmışdır. [88]
General-qubernator Napoleonun iğtişaşların qarşısını qətiyyətlə alması ermənilərə sərf etmirdi. Onlar hər vasitə ilə onun vəzifədən uzaqlaşdırılmasına çalışırdılar. Qafqazın canişini ermənipərəst Voronsov-Daşkov üçüncü erməni-türk qırğınlarının yatırılmasından bir müddət sonra Napoleonu general-qubernator vəzifəsindən azad etmişdi.
Oktyabrın əvvəlində vəziyyət yenidən gərginləşmişdi. İrəvan quberniyasının yeni general-qubernatoru qraf Vladimir Tizenhauzenin yanında İrəvan şəhərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sakitliyin bərpa edilməsi və qorunması üçün müvəqqəti komissiya yaradılmışdı. Komissiya üzvlərinə səlahiyyət verilmişdi ki, milli ədavət nəticəsində ziyan çəkmiş sakinlərə vurulan ziyanın miqdarını müəyyənləşdirsin və iki həftə ərzində həmin ziyanın qarşı tərəfdən ödənilməsi üçün şəhər orqanları qarşısında məsələ qaldırsın. İrəvanın adlı-sanlı ziyalılarından Pənah xan Makinski, Kərbəlayi Məmməd Əliyev, Ağa xan İrəvanski, Mir Abbas Mirbabayev, Ələkbər bəy İsmayılov, Abbasqulu bəy Hacıbəylinski komissiyanın üzvləri idilər. [89]
1906-cı il fevralın 20-də Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun sarayında erməni-müsəlman toqquşmalarına son qoymaq məqsədilə sülh konfransı keçirilir. O dövrün mətbuatında “Erməni-müsəlman qurultayı” adlandırılan həmin konfransda canişinliyin bütün heyəti, Tiflis, Yelizavetpol və İrəvan qubernatorları, ermənilərin 28, müsəlmanların 29 nümayəndəsi, iki qazı və iki yepiskop iştirak edir. İrəvan quberniyasının müsəlman nümayəndələrini Ağa xan İrəvanski, Abbasqulu bəy Hacıbəylinski, şahzadə Şahqulu Mirzə təmsil edirlər. [90]
Martın 7-dək davam edən həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları «Daşnaksutyun» partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirirlər. [91]
Tiflisdə keçirilən konfransın nəticəsi olaraq Erməni-müsəlman barışıq komissiyası yaradılmışdı. Lakin toqquşmaların səngiməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Erməni müəllifi A-donun verdiyi məlumata görə, İrəvan şəhərində dördüncü erməni-müsəlman toqquşması 1906-cı il mayın 27-də və iyunun 8-9-da baş vermişdir. A-Donun yazdığına görə, toqquşma mayın 27-də İrəvandakı Qantar (Tərəzi) meydanında başlayır. Atışma çox qısa davam edir. Köməyə gələn qoşunlar qayda-qanunu bərpa edirlər. Lakin 36 nəfər ölü və yaralı verdikdən sonra. Öldürülən 22 nəfərdən 13-ü erməni, 7-si türk, 1-i molokan, 1-i yəhudi olmuşdur. 14 yaralının 7-si erməni, 4-ü türk, qalanı başqa millətlərin nümayəndələri olmuşlar. A-donun məlumatına görə, iyunun 8-də İrəvanda yenidən toqquşma başlasa da, qoşunların qəti tədbirlərə əl atması sayəsində t5ezliklə yatırılır. Bu dəfəki toqquşmada hər iki tərəfdən 10 nəfər öldürülür. Qətlə yetirilənlərdən 5-i türk, 3-ü erməni, 1-i kürd, 1-i yəhudi olmuşdur. 19 yaralıdan isə 13-ü türk, 6-sı erməni olmuşdur. İyunun 9-da səhər güclü atəşlə açılsa da, itki olmamışdı. [92]
M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımı belə səciyyələndirmişdir: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi…» [93]
Yalnız “Difai” partiyasının Gəncədə meydana çıxmasından, onun yerli şöbələrinin yaranmasından və bu partiyanın üzvlərinin erməni terroruna qarşı eyni üsullarla mübarizə aparmasından sonra qırğınlara son qoyulmuşdu.
XX əsrin əvvəllərində İrəvan şəhərində azərbaycanlı əhalinin sayı erməni əhalisinin sayına təqribən bərabər idi (12,5 min nəfər). Lakin 1905-1906-cı illərdə İrəvanda ermənilərin törətdikləri kütləvi qırğınlardan sonra əhalinin etnik tərkibi ermənilərin xeyrinə dəyişmişdi. İmkanlı azərbaycanlıların bir qisminin İrəvandan köçməsi şəhərdə azərbaycanlıların mövqeyini xeyli dərəcədə zəiflətmişdi.
Araşırmaların nəticəsi göstərir ki, 1905-1906-cı illərdə sayları on min silahlıdan artıq olan erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan ( Qafan) və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında, Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.
Nazim Mustafa
tarix üzrə fəlsəfə doktoru