"Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Otuz il işğal altında qalmış Qarabağ və ətraf rayonlar artıq yeni görkəm alır, erməni vandalizminin izləri yavaş-yavaş silinir, tarixi abidələr bərpa edilir, yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qarabağın bərpası bütövlükdə regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.
Aparılan geniş quruculuq işlərində infrastruktur layihələrin icrası ilk gündən prioritet oldu. Ötən müddət ərzində nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət göstərilir və bu, özünü qabarıq şəkildə büruzə verir. Beləliklə, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Zəngilan Hava Limanı isə bu ilin sonunadək istifadəyə veriləcək. Həmçinin, ötən il Zəfər yolunun tikintisi başa çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən çox uzunluqda yol, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlı yarımstansiyalarının tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.
Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib. İşğaldan azad olunmuş ərazilərin bərpası növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair hazırlanmış beş milli prioritetdən biri kimi qəbul olunub.
Bu ərazilərdə görülən quruculuq işləri Böyük Qayıdış planının reallaşması prosesinə zəmin yaratdı və 2022-ci il Azərbaycan tarixinə böyük qayıdış ili kimi düşdü. Bu il Ağalı kəndinin açılışı oldu və kənd sakinlərinin bir hissəsi öz doğma yerlərinə qayıtdılar. Beləliklə, birinci pilot layihə uğurla reallaşdırıldı. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına isə bu il başlanacaq. O, bir neçə kəndi birləşdirən layihədir.
Qeyd edək ki, Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yeni 5 komponent üzrə aparılıb. İnşa edilmiş 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən təmin olunub. Kənddə, həmçinin DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayıb.
Kənddə "DOST Aqropark" fəaliyyət göstərir. Ötən il Prezident layihənin təməlini qoyarkən məlumat vermişdi ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçiriləcək "DOST Aqropark" üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər layihələr də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Hər bir məmləkət, ilk növbədə abad və rahat yollardan başlayır. Bu mənada Azərbaycan dövləti də hazırda işğaldan azad edilmiş ərazilərdə geniş yol infrastrukturu yaradır. Belə ki, təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlıda - Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir. Həmin yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin Su Anbarının yaxınlığından keçən hissəsindən götürür. Onun uzunluğu 56,4 kilometrdir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası davam edir. Qeyd edilən yolların ümumi uzunluğu isə 70,4 kilometrdir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu da inşa olunur.
Qarabağda, eyni zamanda geniş dəmir yolu şəbəkəsi də yaradılır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanılıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşası da uğurla davam edir.
Hazırda Şuşada böyük tikinti-quruculuq işləri görülür. İnfrastruktur layihələri ilə bərabər, Şuşada artıq yaşayış komplekslərinin inşasına start verilib. Ağdamda, Cəbrayılda, digər rayonlarda məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri inşa edilir. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və tikinti işləri aparılır.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının geniş istehsalı və emalını təşkil etmək istiqamətində də lazımi işlər görülür. Kənd təsərrüfatı mütəxəssislərinin fikrinə görə, Qarabağ torpaqları öz münbitliyi və məhsuldarlığı ilə seçilir. Sovetlər dövründə bu torpaqlarda bol taxıl, üzüm, pambıq, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq intensiv metodlarla inkişaf etdirilib. Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sektorun inkişafına güclü təkan verəcək.
Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynamağa başlayacaq.