Erməni separatçılarının Qarabağda törətdikləri təxribatlara şanlı Azərbaycan ordusu “Qisas” əməliyyatı ilə tutarlı cavab verdi. Qısa zaman ərzində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilən antiterror əməliyyatından sonra Zəngəzur dəhlizinin açılması, tarixi Azərbaycan ərazilərinə gediş-gəlişin təmin edilməsi, qərbi azərbaycanlıların öz dədə-baba yurduna qaytarılması, Göyçə və Zəngəzurun da qaytarılması məsələləri gündəmə gəldi.
Ekspertlər düşünür ki, ermənilər 10 noyabr üçtərəfli bəyanata əməl etmədiyi təqdirdə, Azərbaycan öz tarixi torpaqlarına qayıdış məsələsini önə çəkməli və bununla bağlı Ermənistan qarşısında tələblər qoymalıdır.
“Beləliklə, Azərbaycanın mövqeyi həmişə olduğu kimi ədalətli və doğrudur. Azərbaycan imzaladığı bütün müqavilələrə və şərtlərə sadiqdir. Bundan sonra da öz sədaqətini göstərəcək. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir neçə müddəası, o cümlədən dördüncü bəndi ermənilər tərəfindən əsassız bəhanələrlə ləngidilir. Onlar öhdəliyinə götürdükləri məsələnin həllindən yayınmağa çalışırlar”, – deyən komitə sədri vurğulayıb ki, qanunsuz terrorçu silahlı birləşmələr Azərbaycanın ərazilərdən dərhal çıxarılmalıdır:
“Bu, üçtərəfli bəyanatın 4-cü maddəsində xüsusilə qeyd edilib. İndiyə qədər maddəyə riayət edilməyib. Təəssüf ki, Rusiyanın sülhməramlıları – əslində üçtərəfli bəyanatın yerinə yetirilməsinə məsul və nəzarət etməli olan hərbi kontingent də üzərinə düşəni etməyib. Ruslar hələlik susqunluq nümayiş etdirirlər.
Orada terrorçu dəstələrin olması hər an bölgədə sabitliyin pozulmasına, qanuni vəzifə borcunu yerinə yetirən Azərbaycan hərbçilərinə qarşı təxribatlara səbəb ola bilər. Öncədən də ermənilər tərəfindən müxtəlif şəraitdə Qarabağda yaşayan işçiləri, mülki insanları və hərbçilərimizi atəşə tutmuşdular. Bizim əsas niyyətimiz odur ki, bölgədə davamlı sülh təmin edilsin. Əməkdaşlıq, əmin-amanlıq həyata keçirilsin və Cənubi Qafqaz bölgəsində uzun müddət tərəqqiyə xidmət edəcək əməkdaşlığın əsası qoyulsun”.
Musa Quliyev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə dediyi kimi, Azərbaycanın da dəstəklədiyi “Altılıq platforması” regionun inkişafında öz rolunu oynaya bilər:
“Bu, bütövlükdə bölgədə marağı olan 6 dövlətin iqtisadi inkişafına və əməkdaşlığına səbəb ola bilər. Təəssüflər olsun ki, erməni tərəfi bu məsələni ləngidir, İran tərəfindən də bəzən ermənilərə dəstək bəyanatları eşidirik. Sərhədlərin demarkasiya və delimitasiyası başa çatdıqdan sonra Azərbaycan düşmənçilik və ayrı-seçkilik münasibətlərini aradan qaldırılması üçün diplomatik əlaqələrin bərpa olunmasında maraqlıdır. Azərbaycan tərəfi dəfələrlə bu xoş niyyətini bəyan edib.
Zəngəzur, Göyçə, İrəvan, Çuxuryurd Azərbaycanın qədim torpaqlarıdır. Öz kökünə bağlı olan hər bir azərbaycanlının ən azı o yerləri ziyarət etmək, ulu babalarının məzarlarına getmək, xatirələrini yaşatmaq və bölüşmək hüququ tanınmalıdır.
Ölkə başçısının söylədiyi kimi: “Biz o ərazilərə gedəcəyik. Nə zaman, hansı nəqliyyat vasitəsi ilə gedəcəyiksə, özümüz müəyyənləşdirəcəyik. Nə qədər ki, ermənilər ağıllarını başlarına yığmayıb bu düşüncədə olacaqlar, işğalçılıq və revanşist niyyətlərini yaşadacaqlarsa, onların dövlət kimi çöküşü daha da tezləşəcək. Bunu özləri dərk etməlidir. Bölgə dövlətləri xüsusilə Ermənistan, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq, birgəyaşayış və sülh şəraitində əlaqələrin qurulmamasına maraqlı olmalıdır. Bunu etməsə, Ermənistanın süqutu sürətlənər. Düşünürəm ki, “Qisas” əməliyyatı vaxtında, düzgün yerinə yetirilmiş hərbi gedişdir. Amma gələcəkdə daha böyük əməliyyatlar həyata keçirmək hüququmuzu da özümüzdə saxlayırıq. Üçtərəfli bəyanatın şərtlərinə əməl olunmasına çalışırıq”.