Batum müqaviləsinin imzalanmasından az bir müddət sonra Ermənistan silahlı qüvvələri azərbaycanlılar yaşayan məntəqələri silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirməyə başlamışdı. Türk ordusunun əks-hücumu nəticəsində Şərqi Anadoludan geri çəkilən erməni silahlı dəstələrinin komandanı, general Andranik Ozanyanın başçılıq etdiyi 10 min nəfərlik erməni silahlı qüvvələri Şərqi Anadoludan Zəngəzuradək keçdiyi ərazi üzərindəki yüzlərlə türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdu. Andranik Zəngəzurdan sonra Dağlıq Qarabağı da ələ keçirib, işğal etdiyi əraziləri Ermənistana birləşdirmək istəyirdi.
Andranik Zəngəzura daxil olan kimi azərbaycanlı əhalidən Ermənistan hökumətinə tabe olmağı, əks-təqdirdə isə qəzanı boşaltmağı tələb etmişdi. Zəngəzurun Azərbaycanın digər əraziləri ilə əlaqəsinin kəsilməsinə, yeni yaranan Azərbaycan hökumətindən real yardım ala bilməməsinə baxmayaraq, qəzanın müsəlman əhalisi Andranikin bu tələbini rədd etmişdi. Elə bu da Andranikə bəhanə vermişdi ki, yerli müsəlman əhalisinə qarşı etnik təmizləmə həyata keçirsin. Azərbaycan hökumətinin Andranikin qoşununun Zəngəzurdan geri çəkilməsi ilə bağlı tələblərinə isə Ermənistan hökuməti müxtəlif bəhanələrlə məhəl qoymurdu.
Azərbaycan hökumətinin tapşırığı ilə Gürcüstandakı diplomatik nümayəndəmizin 15 avqust 1918-ci ildə Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkilinə göndərdiyi məktubda bildirilirdi ki, Andranikin dəstəsi Azərbaycanın sərhədlərinə daxil olmuş, Zəngəzur qəzasının bir hissəsini və Şuşa yolunu ələ keçirmişdir.
Avqustun 17-də Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkili A.Camalyanın Ermənistan hökuməti adından verdiyi cavab məktubunda bildirilirdi ki, general Andranik və onun bütün dəstəsi Ermənistan Xüsusi Korpusunun əmri ilə Ermənistan ordusunun tərkibindən və siyahısından silinmişdir. Onlar Ermənistan Respublikasının hakimiyyətini tanımırlar və ona tabe olmurlar. Əlavə olaraq bildirilirdi ki, general Andranikin və onun dəstəsinin Ermənistanın milli ordusuna heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də Ermənistan hökuməti onların məsuliyyətsiz fəaliyyətlərinə görə cavab verə bilməz.
A.Camalyan avqustun 16-da alman missiyasının başçısı general fon Kressellə görüşündə etiraf etmişdi ki, Andranik Zəngəzurdan Qarabağa keçmək, türklərə arxadan zərbə endirmək və Bakıya yol açmaq istəyir.
Andranik Zabıx dərəsindən keçərək Şuşanı ələ keçirmək üçün üç dəfə səy göstərmişdi. Onun Şuşaya daxil olmasının qarşısını almaq üçün Nuru paşanın komandalığında Qafqaz İslam Ordusunun hissələri şəhərə daxil olmuş və Həsən Bəsri bəy şəhərin komendantı təyin edilmişdi. Şəhərin müsəlman əhalisi səfərbər edilmiş, əhalini silahlandırmaq üçün 14 komitə və qərargah yaradılmışdı.
1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə azərbaycanlılara qarşı və onların əmlakı üzərində zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. Həmin komissiya təkcə Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi barədə sənədlər toplamışdır.
Kazım Qarabəkir paşa "İstiqlal hərbimiz" əsərində yazır ki, 1-ci Qafqaz Kolordusu komandanı kimi 1918-ci ilin yayında Naxçıvanda olarkən Qafqaz cəbhəsinin Şərq orduları qrupunun komandanı Xəlil paşaya dəfələrlə müraciət edibmiş ki, Zəngəzuru erməni quldur dəstələrindən təmizləmək üçün izn versin. Çünki həmin vaxt Ermənistan ordusu darmadağın edilmişdi və türk ordusunun Zəngəzura hücumunun qarşısını almaq iqtidarında deyildi. Lakin Xəlil paşa Kazım Qarabəkir paşaya əmr etmişdi ki, Tehrana daxil olsun. 1920-ci ilin aprelində Zəngəzurun tamamilə erməni işğalı altında olduğu zaman, Xəlil paşa 1918-ci ildə buraxdığı səhvini düzəltmək məqsədilə Kazım Qarabəkir paşaya müraciət etmişdi ki, Zəngəzuru erməni işğalından azad etmək üçün tədbir görsün. Kazım Qarabəkir paşa ona cavab məktubunda yazmışdı ki, fürsət əldən qaçırılmış və artıq vəziyyət tamamilə dəyişmişdir. O, Zəngəzura kiçik bir dəstə göndərə biləcəyini, bunun da bir işə yaramayacağını Xəlil paşaya bildirmişdi.
K.Qarabəkir paşa 15 may 1920-ci ildə yazırdı ki, türk ordusunun rəhbərlərinin öz güclərindən artıq xəyallarla uğraşdıqlarından və incəliklə düşünə bilmədikləri səbəbindən Türkiyə ilə Azərbaycan arasında Zəngəzur səddinin yaranmasına səbəb olduqları üçün indi vicdan iztirabı içərisində qıvranırlar.
Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros sazişinə (30.10.1918) əsasən türk qoşunlarının Cənubi Qafqazı tərk etməsi yenidən Andranikin əl-qolunu açmışdı. Noyabrın birinci yarısında Andranik özünü Zəngəzurdakı bütün silahlı dəstələrin baş komandanı elan etmişdi.
Andranikin Zəngəzurda törətdiyi qırğınların qarşısını almaq üçün Azərbaycan hökuməti həmin bölgədə səfərbərlik həyata keçirmişdi. Orduya yeni cəlb edilən gənclərin təlimi ilə türk zabitləri məşğul olurdular. Zəngəzur qəza rəisinin Daxili İşlər Nazirliyinə ünvanladığı 22 noyabr 1918-ci il tarixli məxfi raportunda göstərilmişdi ki, Zəngəzurda yeni çağırışçılardan ibarət 800 nəfərlik batalyon Azərbaycan dövlətinin vəsaiti hesabına tam komplektləşdirilmiş, silah-sursatla və geyimlə təmin edilmişdir. Qəza rəisinin yazdığına görə, yeni yaradılmış batalyon Qaladərəsində türk zabiti İzzət bəyin komandanlığı altında təlimlər keçir.
1919-cu ilin yanvar ayında Azərbaycan hökuməti Xosrov bəy Sultanovun başçılığı ilə Qarabağ və Zəngəzur ərazisini əhatə edən müvəqqəti general-qubernatorluq yaratmışdı.
1919-cu il yanvarın əvvəli – fevralın ortalarında Qarabağda və Zəngəzurda müşahidə edilən nisbi sakitlik uzun sürməmişdi. Fevralın sonlarında Andranik daha geniş miqyasda hücumlara başlamışdı. Fevralın 23-də Andranik güclü silahlı dəstə ilə Gorusdan Dığ kəndi istiqamətində hərəkət edərək, Əkərəyə gəlib çıxmışdı. Gəncənin general-qubernatoru İbrahim ağa Vəkilov Andranikin bu yerdəyişməsini Cəbrayıl və Şuşa qəzalarının dağlıq hissəsini və bütün Zəngəzuru Xudafərin körpüsünədək işğal etmək istəyi ilə izah etmişdi.
Azərbaycan hökumətinin Andranikin Zəngəzurdan uzaqlaşdırılması barədə təkidli çağırışlarının nəticəsi olaraq Cənubi Qafqazdakı ingilis qoşunlarının komandanı general Vilyam Tomson 1919-cu il fevralın 24-də bildirmişdi ki, mayor Monk Mezon Andranikin dəstəsinin Şuşadan keçib Ermənistana getməsini təşkil edəcək.
1919-cu il aprelin 2-də Gorusda “Sisyan və Zəngəzurun qurultayı” adı altında ermənilərin toplantısı keçirilmişdi. Toplantıda qəbul edilən qərar Ermənistan hökumətinin Zəngəzura təyin etdiyi komissar Arsen Şahmazyana göndərilmişdi. Bundan sonra Andranik öz dəstəsi ilə birlikdə Gorus-Sisyan-Dərələyəz-Vedibasar yolu ilə Üçkilsəyə (Eçməzdinə) gəlmiş və tərksilah olunaraq oradan Tiflisə, daha sonra Fransaya yollanmışdı.
Müttəfiqlərin qoşunlarının komandanının ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə təhrik edirdi. 1919-cu il mayın 28-də Ermənistan parlamenti "Birləşmiş və müstəqil Ermənistan" haqqında akt qəbul etmişdi. "Birləşmiş Ermənistan" Türkiyənin şərq vilayətləri, Naxçıvan, Qarabağ, Zəngəzur, Gürcüstanın Cavaxetiya (Axılkələk və Axıska) əraziləri daxil edilmişdi.
Zəngəzurun tamamilə işğal edilməsi
Andranikin dəstəsi Zəngəzurdan çəkildikdən sonra əvvəlcə Dronun (Drastamat Kanayan) , daha sonra isə Njdenin (Qaregin Ter-Harutyunyan) qoşunu qırğınları davam etdirmişdi.
5 iyul 1919-cu ildə ABŞ-dan olan polkovnik Vilyam Haskel Müttəfiq dövlətlər adından Ermənistana ali komissar təyin edilmişdi. V.Haskelin qərargahı İrəvanda yerləşsə də o, harada yaşamalarından (Türkiyə, Azərbaycan, Gürcüstan) asılı olmayaraq, erməniləri qorumaq vəzifəsini daşıdığını bildirmişdi. Ermənilər V.Haskelin mövqeyindən istifadə edərək yenidən qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar. Avqustun ortalarında Ermənistan parlamentində çıxış edən V.Haskel ermənilərin ərazi iddialarını müdafiə edəcəyini bildirmişdi.
Polkovnik V.Haskel 1919-cu il avqustun 28-də Bakıda Baş nazir Nəsib bəy Yusifbəyov və Xarici İşlər naziri Məmməd Yusif Cəfərovla görüşmüşdü. V.Haskel Qarabağ və Zəngəzuru Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etdiyini bildirmişdi. O, həmçinin Naxçıvan və Şərur-Dərələyəzdə Amerikanın idarəçiliyində neytral zona yaradılacağını bəyan etmişdi.
1919-cu il iyulun 18-də Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T. Bekzadyan Ermənistanın xarici işlər nazirinə göndərdiyi məxfi məktubunda bildirmişdi ki, Azərbaycan hökuməti Zəngəzur və Naxçıvanda öz hakimiyyətini bərqərar etmək üçün ciddi hazırlıq görür.
25 sentyabr 1919-cu ildə Ermənistanın baş naziri Aleksandr Xatisyan Paris sülh konfransındakı erməni nümayəndə heyətlərinin başçıları Avetis Aharonyana və Poğos Nubar paşaya göndərdiyi teleqramda yazırdı ki, Azərbaycan hökuməti Zəngəzuru ələ keçirmək üçün qızğın hazırlıq görür. A.Xatisyan Azərbaycanın Zəngəzuru ələ keçirməklə Ağdamdan Qəmərliyə qədər ərazini öz nəzarəti altına keçirmək istədiyini, sonra isə Araz boyu müsəlmanlar vasitəsilə Türkiyə ilə əlaqə yaratmaq istədiyini yazır. Həmçinin qeyd edir ki, öz hərbi planlarını həyata keçirmək üçün Türkiyənin birbaşa diktəsi altında iki dövlət arasında gizli hərbi müqavilələr imzalanmışdır.
Həmin il oktyabrın əvvəllərində evləri yandırılan, özləri qaçqın düşən Zəngəzurun türk-müsəlman əhalisinin sayı 60 min nəfərə çatmışdı.
1919-cu il oktyabrın 30-da Azərbaycan Ordusunda xüsusi Zəngəzur dəstəsi yaradıldı. Zəngəzur dəstəsinə general-mayor Cavad bəy Şıxlinski başçılıq edirdi. Noyabrın əvvəllərində Azərbaycan ordusu Zəngəzurda olan erməni hərbi hissələrinə qarşı döyüş əməliyyatlarına başlamışdı. Bundan əlavə, Azərbaycan hökuməti Zəngəzurda asayişi bərpa etmək və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Zəngəzur və Qarabağın qeneral-qubernatoru Xosrov bəy Sultanovun sərəncamına kiçik hərbi dəstələr göndərmişdi.
Azərbaycan hərb tarixinə "Dığ" əməliyyatı kimi düşən bu əməliyyatın uğursuzluqla nəticələnməsi Zəngəzurun sonrakı taleyində həlledici rol oynadı. Belə ki, Zəngəzur dəstəsinin birinci kolonuna komandanlıq edən general-mayor David bəy Yadigarovun təqsiri üzündən noyabrın 3-7-də keçirilən hücum əməliyyatı uğursuzluqla nəticələnmişdi.
Zəngəzurun azad edilməsi üçün Baş Qərargahda hazırlanan əməliyyatın uğursuzluqla nəsticələnməsindən və Njdenin topçularının Azərbaycan mövqelərini yüksək dəqiqliklə vurmasından şübhələnən Hərb naziri Səməd bəy Mehmandarov general-mayor David bəy Yadigarovu süvari diviziyası komandirinin müavini vəzifəsindən azad edilməsi, onun nazirin yanında tapşırıq üzrə qərargah zabiti vəzifəsinə təyin edilməsi haqqında əmr imzalamışdı. D.Yadigarovun fəaliyyətinin ciddi şəkildə yoxlanılması üçün komissiya yaradılmasını əmr etmişdi. Lakin artıq "Dığ" əməliyyatı uğursuzluqla nəticələnmiş, erməni ordusu Zəngəzurda mövqelərini daha da möhkəmləndirmişdi. .
Nəhayət, 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri arasında keçirilən konfransda atəşkəs və qoşunların döyüş mövqelərindən geri çəkilməsi, yolların açılması, bütün mübahisəli problemlərin yalnız sülh yolu ilə həll edilməsi barədə saziş imzalanmışdı. Azərbaycan hökuməti sazişin tələblərinə əməl etmiş, Ermənistan tərəfi isə əksinə, Zəngəzura əlavə qoşun hissələri göndərərək yerdə qalan azərbaycanlı kəndlərini də işğal etməyə və ərazini tamamilə azərbaycanlılardan təmizləməyə başlamışdı. Azərbaycan hökuməti isə yalnız diplomatik yazışmalarla ermənilərin hücumlarının qarşısını almağa çalışırdı.
Azərbaycan Xarici İşlər nazirinin müavini Məhəmməd xan Təkinskinin dekabrın 3-də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə göndərdiyi teleqramda deyilirdi: "Zəngəzurda qanlı hadisələri təkrarən ermənilər başladılar. Çaylı və Oxçu kəndlərində 900 müsəlman qətlə yetirilib. Məscid içərisində uşaqlarla birgə bomba ilə dağıdılıb. İçərisində 400 qadın və uşaq parça-parça olub. Bu anda Zəngəzur qanlı hadisələrin səhnəsinə çevrilib."
Xarici İşlər naziri M.Y.Cəfərov 1919-cu il dekabrın 3-də Ermənistan XİN-nə göndərdiyi teleqramda bildirirdi ki, noyabrın 23-də Azərbaycan hökuməti ilə Ermənistan hökuməti arasında razılaşma əldə edilib ki, hərbi toqquşmalar dərhal dayandırılsın və bütün mübahisəli məsələlər Ermənistan-Azərbaycan sülh konfransının sərəncamına verilsin. Buna baxmayaraq, Ermənistan hökumətinin qoşunları Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərini dağıdıb kütləvi qırğınlar törədib, Girətag və onun ətraf kəndləri mühasirəyə alınıb və ətrafla əlaqələri kəsilib.
Ermənistan dövləti ərazisini silah gücünə genişləndirmək planını mərhələ-mərhələ həyata keçirirdi. "Daşnaksütyun" partiyası 1919-cu il dekabrın 7-də keçirilən yığıncağında Zəngəzuru Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmişdir. Ermənilərin nəzarət etdiyi ərazilərin əldə saxlanması üçün bütün tədbirlərə əl atmağa hazır olduğu barədə qətnamə qəbul etmişdi.
1920-ci il yanvarın 6-da Azərbaycan Dövlət Müdafiə Komitəsi qərara alır ki, Ali Komissar V.Haskel qarşısında məsələ qaldırılsın ki, Zəngəzurda ermənilərin dinc müsəlman əhalini məhv etməsinə qarşı tədbirlər görsün və son hadisələri araşdırmaq üçün xüsusi komissiya yaratsın. Lakin heç bir tədbir görülməmişdi.
Lakin erməni tərəfi Azərbaycan tərəfinin tələblərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci il yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərinin işğalını başa çatdırmışdı .
Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə "Birləşmiş Ermənistan" Aktını reallaşdırmaq niyyətində idi. Ümumiyyətlə, 1918-1920-ci illərdə Andranikin, Dronun və Njdenin komandanlıqları altında erməni quldur dəstələri təkcə Zəngəzur qəzasında 166 müsəlman kəndini işğal etmiş və əhalisini soyqırımına məruz qoymuşdu.
Sovet Rusiyasının Azərbaycana qarşı münasibəti
1920-ci il aprelin 28-də Azərbaycanlıda Sovet hakimiyyəti qurulduğu zaman Zəngəzur qəzasının ərazisinin xeyli hissəsi erməni silahlı dəstələrinin nəzarəti altında idi. Rusiyadan Azərbaycana daxil olan bolşevik ordusunun hissələri Bakını işğal etdikdən sonra Qarabağa və Zəngəzura doğru istiqamət götürmüşdü. Bolşevik qoşunlarının bu istiqamətdə hərəkəti daşnak Ermənistanını ciddi narahat edirdi.
Bolşeviklərin Azərbaycanda hakimiyyəti ələ keçirməsindən sonra Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri seçilsə də, real hakimiyyət qeyri azərbaycanlıların əlində idi. N.Nərimanov təkbaşına bu cür qüvvələrə qarşı mübarizə aparmaq və qələbə çalmaq iqtidarında deyildi. Bunu sonralar N.Nərimanovun özü də etiraf etmişdi. O, İ.Stalinə ünvanladığı məktubunda yazmışdı: “Çevriliş baş verməsindən sonra, bu, asan hiss olunmağa başladı. Həm də A.Mikoyan dedi: “ Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o, öz nüfuzundan çox da istifadə edə bilməsin”.
1920-ci il aprelin 30-da Azərbaycan sovet hökuməti Ermənistanın daşnak hökumətinə nota verərək, ondan Qarabağ və Zəngəzur ərazilərini erməni silahlı dəstələrindən təmizləməyi, Ermənistan qoşunlarının öz sərhədlərinə çəkilməsini təmin etməyi, millətlərarası qırğını dayandırmağı tələb etmişdi. Əks-təqdirdə, Azərbaycan özünü Ermənistanla müharibə vəziyyətində hiss edəcəyi bəyan edilmişdi. Mayın 1-də Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsi Sergey Kirovun, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun rəhbəri Sergey Orconikidzenin və 11-ci Qırmızı ordunun komandanı Mixail Levandovskinin imzası ilə Ermənistan hökumətinə göndərilən teleqramda tələb edilmişdi ki, Ermənistan hökuməti 24 saat ərzində öz qoşunlarını Azərbaycandan çıxarsın.
Ermənistan hökuməti həmin dövrdə Rusiyanın Xalq Xarici İşlər komissarı Georgi Çiçerinin Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeyindən xəbərdar idi. Bu mövqeyin formalaşmasında G.Çiçerinin milliyyətcə erməni olan müavini L.Qaraxan (Lev Mixailoviç Qaraxanyan) mühüm rol oynayırdı. Ermənistan Xarici İşlər Nazirliyindən aprelin 30-da G.Çiçerinə göndərilən teleqramda Qırmızı ordu əsgərlərinin Qarabağ və Zəngəzur istiqamətində irəlilədiyi, bu yolla da Türkiyə ilə birləşməyə çalışdığı qeyd edilirdi. Ermənistanın xarici işlər naziri Hamazasp Ohancanyan mayın 3-də Azərbaycan Xalq Xarici İşlər komissarının müavini Mirzə Davud Hüseynova göndərdiyi teleqramda Qarabağ və Zəngəzuru Ermənistanın bir hissəsi saydığını və Azərbaycan hərbi hissələrinin orada yerləşməsindən narahatlığını ifadə etmişdi. H.Ohancanyan həmin teleqramda bildirirdi ki, guya, heç vaxt Zəngəzurda Azərbaycan hakimiyyəti mövcud olmamışdır, həmin ərazi guya Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə olunur və əhali həmin ərazini Ermənistanın ayrılmaz tərkib hissəsi hesab edir.
Ermənistandakı daşnak hökumətinin belə ötkəm davranışının arxasında Rusiyanın bəzi dairələrinin onu dəstəkləməsi dayanırdı. Rusiyanın Xalq Xarici İşlər komissarının müavini L.Qaraxan mayın 15-də İrəvana və Bakıya teleqram göndərərək, Rusiyanın Ermənistan və Sovet Azərbaycanı arasında mübahisəli məsələlərin həllində vasitəçilik rolunu öz üzərinə götürdüyünü bildirmişdi.
Rusiya rəhbərliyi Naxçıvan, Zəngəzur və Qarabağın sovet ordusu tərəfindən tutulacağını əvvəlcə bəyan etsə də, ermənilərin silah gücünə ələ keçirdikləri Azərbaycan ərazilərini azad etmək üçün səy göstərməmişdi.
Azərbaycan İnqilab Komitəsinin 18 may 1920-ci il tarixli dekreti ilə Qarabağ və Zəngəzur qəzalarında fövqəladə komissar vəzifəsi təsis edilmişdi. Sonradan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Siyasi Bürosunun 1920-ci il 26 avqust tarixli qərarı ilə isə Əliheydər Şirvani (Mustafabəyov) fövqəladə komissar, erməni Armenak Qaragözöv isə onun müavini təyin edilmişdi.
Qarabağa gələn S.Orconikidze yerli əhalinin əhval-ruhiyyəsi ilə tanış olduqdan sonra iyunun 19-da G.Çiçerinə göndərdiyi teleqramda bildirirdi ki, Qarabağ və Zəngəzur özlərini Azərbaycan Sovet Respublikasının tərkib hissəsi hesab edirlər.
Həmin vaxt N.Nərimanovun, Qafqaz Bürosunun üzvü Budu Mdivaninin Azərbaycan K(b)P MK-nın üzvü Anastas Mikoyanın və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Avis Nuricanyanın G.Çiçerinə və S.Orconikidzeyə ünvanladıqları teleqramda yazılırdı: “Artıq Sovet Azərbaycanının tərkibinə daxil olan, guya, mübahisəli sayılan Zəngəzur və Qarabağa gəldikdə isə qətiyyətlə bildiririk ki, bu yerlər mübahisəsizdir və bundan sonra da Azərbaycanın hüdudları daxilində olmalıdırlar. Tamamilə müsəlmanlar məskunlaşan Culfa və Naxçıvan rayonları isə artıq bir ildir ki, ayrı düşmüşlər və yerli əhalinin gücü ilə daşnak hökumətindən qorunurlar, hərbi cəhətdən, həm də Türkiyə ilə birbaşa əlaqə saxlamaq baxımından bizim qoşunlar tərəfindən tutulmalı və Azərbaycana birləşdirilməlidirlər”.
Lakin hadisələrin inkişafı göstərdi ki, G.Çiçerin Azərbaycan rəhbərliyinin mövqeyi ilə razılaşmamışdır. G.Çiçerin iddia edirdi ki, N.Nərimanov Rusiyanın silahlı qüvvələrinin Qarabağı, Zəngəzuru və Naxçıvanı tutub Azərbaycana hədiyyə etməsini istəyir və buna əsla yol vermək olmaz.
Sovet Rusiyası ilə daşnak Ermənistanının işbirliyi
1920-ci ilin may-iyun aylarında daşnak Ermənistanı ilə Sovet Rusiyası arasında Moskvada danışıqlar gedirdi. Ermənistan nümayəndə heyətinə Levon Şant (Seqbosyan), Rusiya nümayəndə heyətinə isə G.Çiçerin və L.Qaraxan rəhbərlik edirdilər. L.Qaraxanın diktəsi ilə hərəkət edən G.Çiçerin V.Leninə bildirmişdi ki, Ermənistan nümayəndə heyəti heç bir vəchlə Qarabağ mahalından savayı Ermənistanın hakimiyyəti altında olan digər yerlərin Rusiyanın tabeçiliyinə könüllü verilməsinə razı deyil.
S.Orconikidze G.Çiçerinə göndərdiyi 19 iyun 1920-ci il tarixli teleqramda yazırdı: “Azərbaycan Qarabağa, Zəngəzura, Naxçıvana və Şərur-Dərələyəz qəzalarına iddia edir. Qarabağ və Zəngəzurda Sovet hakimiyyəti elan olunmuşdur və yuxarıda göstərilən ərazilər özlərini Azərbaycan Sovet Respublikasının hissəsi sayırlar. Naxçıvan artıq bir neçə ildir ki, üsyançıların – müsəlmanların əlindədir. Şərur-Dərələyəzə aid məlumatım yoxdur. Azərbaycan heç bir halda Qarabağ və Zəngəzursuz keçinə bilməz. Ümumiyyətlə, fikrimcə, Azərbaycan nümayəndəsini Moskvaya çağırmaq, Azərbaycan və Ermənistana dair bütün məsələləri onunla birlikdə həll etmək lazım gəlir. Bunu Ermənistanla müqavilə imzalananadək etmək lazımdır...”. Lakin sonradan S.Orconikidzenin mövqeyində ciddi dəyişiklik yaranmışdı.
Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana verilməsində həmin dövrdə Rusiyanın daşnak Ermənistanındakı nümayəndəsi Boris Leqranın da xüsusi rolu olmuşdu.
1920-ci il iyulun 10-da B.Leqranın iştirakı ilə Azərbaycan K(b)P MK Bürosunda “Qarabağdan məruzə” dinlənilmişdi. Məruzədə qeyd edilirdi ki, Zəngəzur Ararat (Ermənistan) qoşunları tərəfindən viran qoyulmuşdur, daşnakların dayağı Türkiyə qaçqınlarıdır. Hansı ki, həmişə ingilis-amerikan kapitalı ilə bəslənmişlər, general Dro öz dəstəsi ilə Qarabağdan Zəngəzura qaçmışdır və erməni kəndliləri Ermənistanın tərkibinə daxil olmaq istəmirlər.
İyulun 14-də S.Orconokidze B.Leqranla birlikdə Bakıdan G.Çiçerinə aşağıdakı məzmunda teleqram göndərmişdilər: “Məsələni Azərbaycanı qismən təmin edə biləcək belə bir qaydada həll etməyi zəruri sayırıq: Qarabağ tamamilə və danışıqsız Azərbaycana birləşdirilir. Zəngəzur mübahisəli ərazi hesab olunur. Qalan vilayətlər Ermənistanda qalır”.
İyulun 17-də Qırmızı ordu korpusunun komandiri Aleksandr Todorski bütün Zəngəzurun daşnak zülmündən azad edilməsi və orada Sovet hakimiyyətinin qurulması haqqında N.Nərimanova teleqram göndərmişdi. İyulun 28-də 11-ci ordunun hissələri Gorus-Şahbuz-Cəhri istiqamətində Naxçıvana daxil olmuş, elə həmin gün orada Sovet hakimiyyətinin qurulduğu elan edilmişdi.
Avqustun 3-də Dronun dəstəsi bolşevik qoşunlarının 32-ci diviziyasına hücum edərək Gorusu ələ keçirmişdi. Avqustun 5-7-də 11-ci ordunun hissələri ciddi hazırlıqdan sonra Dro və Njdenin hərbi qüvvələrini qovaraq Sisyan və Qafanı, avqustun 9-da isə Gorusu azad etmişdilər. Dronun dəstələrinin qalıqları yenidən Dərələyəzə çəkilmişdi. Njdenin qoşunu isə Meğri rayonu ərazisində özünə mövqe tutmuşdu.
Avqustun 10-da İrəvanda sovet Rusiyası ilə daşnak Ermənistanı arasında sülh sazişi imzalanır. Sazişin 3-cü bəndində qeyd edilirdi ki, sovet qoşunlarının mübahisəli əraziləri tutması həmin ərazilərin hüquqi cəhətdən Azərbaycana və yaxud Ermənistana aid olması məsələsini həll etmir. Yəni bu sazişlə sovet Rusiyası Zəngəzurun sovet Azərbaycanının tərkib hissəsi olmasını qəbul etmədiyini göstərirdi. Bu addımı ilə o, Antanta ilə əməkdaşlıq edən Ermənistanı öz tərəfinə çəkmək istəyirdi.
Ermənistanla Sovet Rusiyası arasında bağlanan saziş Antanta ölkələrinin bəzi dairələrində narahatlıq yaratmışdı. Ermənistan hökuməti bu sazişin formal səciyyə daşıdığını və Ermənistanın yenə də Antantaya meyil etdiyini bəyan etmişdi.
Qərb dövlətlərindən və Sovet Rusiyasına qarşı vuruşan çar ordusunun komandanı, general Vrangeldən xeyli miqdarda silah-sursat aldıqdan sonra Ermənistan silahlı qüvvələri general Dronun komandanlığında yenidən Dərələyəzdən Zəngəzura hücum edib, Gorusu bir daha ələ keçirmişdi. 1920-ci il sentyabrın əvvəllərində Njde özünü Zəngəzurdakı bütün erməni silahlı dəstələrinin baş komandanı elan etmişdi.
Azərbaycan K(b)P MK Siyasi Bürosunun noyabrın 4-də İ.Stalin və S.Orconikidzenin iştirakı ilə keçirilən iclası Rusiya ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan müqavilədə Naxçıvanın və Zəngəzurun Ermənistana verilməsinə kəskin etiraz bildirilmişdi.
1920-ci il noyabrın ikinci yarısında Zəngəzurda siyasi-hərbi vəziyyət yenidən ermənilərin xeyrinə dəyişmişdi. Rusiya əsas diqqəti Ermənistanda sovet hakimiyyətinin qurulmasına yönəltmişdi. Noyabrın 29-da Ermənistanda daşnak hökuməti devrilmiş və sovet hakimiyyəti qurulmuşdu. Noyabrın 30-da Azərbaycan K(b)P MK siyasi və təşkilat bürolarının birgə iclasında “Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında” teleqramı müzakirə edilmiş və Azərbaycanın mənafeyinin ziddinə qərar qəbul edilmişdi. Həmin qərarda qeyd edilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanına keçir, Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir.
Dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən təntənəli iclasında N.Nərimanov bəyanatla çıxış etmişdi. Həmin bəyanatda yazılmışdı ki, Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurda hərbi əməliyyatlar dayandırılır və Sovet Azərbaycanının qoşunu oradan çıxarılır.
S.Orconikidze N.Nərimanovun bəyanatını saxtalaşdıraraq dekabrın 2-də Bakıdan Leninə və Stalinə göndərdiyi teleqramda bildirirdi: “Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini bəyan etmişdir”.
1920-ci il dekabrın 2-də İrəvanda Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında hərbi-siyasi saziş imzalanmışdı. Sazişi Rusiya tərəfindən Ermənistandakı diplomatik nümayəndə Boris Leqran, Ermənistan tərəfindən isə dərhal bolşeviklərin tərəfinə keçən general Dro və A.Terteryan imzalamışdılar. Ermənistanın sovetləşməsinin müqabilində Rusiya, bütün keçmiş İrəvan quberniyasının, Zəngəzur qəzasının, Qazax qəzasının dağlıq hissəsinin Sovet Ermənistanına daxil olmasını mübahisəsiz tanıdığını bəyan etmişdi.
Həmin vaxt Zəngəzur qəzasında mövcud olan 6 sahədən 4-ü sovet qoşunları, 2-si isə (1-ci və 5-ci sahələr) Njdenin qoşunu tərəfindən tutulmuşdu. Bolşeviklərin hakimiyyəti altında olan ərazilərdə əhalinin ərzaqla təchizatı olduqca yarıtmaz vəziyyətdə idi. Zəngəzur qəzasının rəisi Ə.Şirvani Xalq Əmək Komissarlığına göndərdiyi məktubunda 10 minlərlə qaçqının evsiz-eşiksiz acından qırıldığını yazırdı. Həmin dövrdə əsrlərdən bəri Zəngəzurda birlikdə yaşayan və qaynayıb-qarışan müsəlmanlar – Azərbaycan türkləri və kürdlər tərəfindən heç bir məsələ qaldırılmadığı halda, “Kürdüstan məsələsi” ortalığa atılmışdı. Rəsmi sənədlərdə Zəngəzurun aşağı və yaxud şərq hissəsinin “Kürdüstan” adlandırılması ermənilərin və Rusiyanın maraqlarına xidmət edirdi.
1920-ci il dekabrın 25-də öz dəstəsi ilə Tatev monastırında məskunlaşan Njde Zəngəzurun öz nəzarəti altında saxladığı hissəsində “Sünik Muxtar Respublikası” yaratdığını bəyan etmişdi. 1921-ci il yanvarın 21-də isə daşnak Ermənistanı dövründə bir həftə baş nazir olmuş Simon Vrasyanın başçılığı ilə Zəngzurda “Dağlıq Ermənistan Respublikası” yaradılmışdı. Həmin oyuncaq respublikanın silahlı qüvvələrinə yenə də Njde başçılıq edirdi.
1921-ci ilin fevralında Ermənistanda daşnaklar qiyam qaldırmışdılar. Fevralın 13-də daşnakların silahlı dəstələri Zəngəzurdan İrəvan üzərinə hücuma keçmişdi. Fevralın 18-də daşnaklar İrəvanı işğal etmiş və Ermənistanda sovet hakimiyyətini devirmişdi. Daşnaklar “Vətənin Xilası Komitəsi”ni yaratmışdılar. Martın 18-də İrəvanda yenidən bərpa edilən daşnak hökumətinin başçısı S.Vrasyan hərbi yardım göstərilməsi xahişi ilə Türkiyə hökumətinə müraciət etmişdi. Aprelin 2-də İrəvan sovet qoşunlarının əli ilə daşnaklardan təmizləndi. Daşnakların silahlı dəstələri yenidən Zəngəzura çəkildilər.
Sovet Ermənistanı hökuməti və 11-ci ordunun komandanlığı Yuxarı Zəngəzurun Ermənistana birləşdirilməsini başa çatdırmaq üçün Zəngəzurdakı oyuncaq “Dağlıq Ermənistan Respublikası” ilə danışıqlar aparırdı. Sovet Ermənistanı Zəngəzurda Njedenin nəzarət altında saxladığı ərazini İrəvanla Qarabağ arasında baryer hesab edirdi və bu məneəni aradan qaldırmaq məqsədilə Zəngəzur üzərinə hücuma hazırlaşırdı. 21 aprel 1921-ci ildə Tatev monastrında keçirilən Zəngəzur ermənilərinin 2-ci qurultayında Njdeh “Dağlıq Ermənistan Respublikası”nın baş naziri, hərbi naziri və xarici işlər naziri seçilmişdi. Bir sözlə, cəllad Njde Yuxarı Zəngəzurda küll-ixtiyar sahibi olmuşdu. Mayın 12-də Qalancıq kəndində Sovet Ermənistanı ilə “Dağlıq Ermənistan Respublikası” arasında Yuxarı Zəngəzurun Sovet Ermənistanına birləşdirilməsi məqsədilə danışıqlar aparılmışdı. Njde Zəngəzurun Sovet Ermənistanına birləşdirilməsinə o şərtlə razılıq vermişdi ki, Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistana məxsus olmasını rəsmən təsbit etsin. Rəsmi İrəvan Njdenin bu şərtinə tezliklə əməl etmişdi.
Njdenin Zəngəzurda özünü küll-ixtiyar sahibi kimi aparmasının başqa bir səbəbi də onun xaricdən yardım alması ilə bağlı idi. Daşnak Ermənistanının baş naziri olmuş S.Vrasyan Təbrizə mühacirət etmişdi və o, İrandakı ingilis hərbçiləri ilə sıx əlaqə saxlayırdı. Bolşeviklərin 11-ci ordusunun Qarabağ-Zəngəzur qrupunun qoşunlarına verdiyi əmrdə yazılırdı: “Njdeh İran vasitəsilə Antanta ilə əlaqəyə malikdir. Öz hakimiyyətini onun vasitəsilə saxlayır”.
Sovet qoşunlarının 11-ci ordusunun komandanlığı 1921-ci il mayın 25-dən etibarən yeni hərbi əməliyyatlar hazırladığı zaman Njdenin silahlı dəstələri Gorusdan çəkilərək, Bazarçay və Qafan rayonlarında qərar tutmuşdu. Bolşevik qoşunları iki istiqamətdən – həm Qarabağ, həm də İrəvan istiqamətindən Zəngəzura hücuma keçmişdi. Əlahiddə Qafqaz Ordusu adlandırılan 11-ci ordunun İrəvan qruplaşması üç tərəfdən – Vedidən Keşişkəndə (Dərələyəz), Naxçıvandan Əngələvidə (Sisyan) və Ordubaddan Meğriyə hücuma keçmişdi. Qəhrəman Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi Qırmızı tabor da Zəngəzura hücum edən bolşevik qoşununun tərkibində Njdeyə qarşı vuruşurdu. Həmin qruplaşma iyunun 26-da Dərələyəzi, 28-də Biçənək aşırımını, 30-da isə bütün Sisyan rayonunu daşnak qoşunlarından azad etmişdi. İyulun 2-də bolşeviklərin Şuşa tərəfdən irəliləyən Qarabağ-Zəngəzur qruplaşması isə İrəvan qruplaşması ilə birlikdə Gorusa daxil olmuşdu. Njdenin dəstəsi iyulun 4-də Tatev monastırından, iyulun 7-də isə Qafan mis mədənləri rayonundan çəkilmişdi. İyulun 9-da Njde öz dəstəsi ilə birlikdə Meğridən Arazı adlayaraq İrana qaçmışdı.
Zəngəzurun Ermənistana birləşdirilməsi
Ermənistan Xalq Komissarları Soveti 20 iyul 1921-ci ildə Ermənistanın 8 qəza 33 nahiyədən ibarət inzibati-ərazi bölgüsünü təsdiq etmişdi. Həmin inzibatı bölgüdə Zəngəzur qəzası yox idi. Avqustun 31-də isə yeni 9-cu qəza – mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradılmışdı. Azərbaycan isə Zəngəzurun qərb hissəsini (Gorus, Sisyan, Qafan rayonlarını və Meğri rayonunun bir hissəsini) öz inzibati-ərazi bölgüsündən çıxarmışdı. Bununla da Zəngəzur iki hissəyə bölündü və onun qərb hissəsi Ermənistana birləşdirildi.
Ermənilər zəngin filiz yataqlarına malik, Qafqazın İsveçrəsi adlandırılan Zəngəzuru ələ keçirməklə Azərbaycanla Naxçıvan, eyni zamanda, Azərbaycanla Türkiyə arasında süni baryer yaradılmasına nail oldular.
Zəngəzurda ermənilərin törətdikləri qırğınların miqyası haqqında 1920-ci il sentyabrın 1-dən 7-dək Şərq xalqlarının Bakıda keçirilən 1-ci qurultayında kifayət qədər faktlar sadalanmışdı. Azərbaycan kommunistlərinin 1920-ci ilin oktyabrında keçirilən 2-ci qurultayında çıxış edən zəngəzurlu erməni Tatyan ikiillik qırğınlar müddətində Zənqəzurda 200 müsəlman kəndinin tamamilə dağıdıldığını, qaçqınlar kütləsinin Qarabağa, Araza (Naxçıvan) doğru və Azərbaycanı aran bölgələrinə üz tutduqlarını etiraf etmişdi.
1929-cu il fevralın 18-də Cənubi Qafqaz Mərkəzi İcraiyyə Komitəsi Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Nəticədə uzunluğu 42 kilometr olan və hazırda “Meğri dəhlizi” adlanan dəhliz yarandı. Həmin dəhliz də Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında əlaqəni kəsməklə yanaşı, Ermənistanın İran üzərindən ərazilərə çıxışını da təmin etdi. Beləliklə, Sovet bolşevik hakimiyyəti Azərbaycanın tarixi torpaqlarını Ermənistan SSR-ə bağışlamaq siyasətini davam etdirdi. Burada məqsəd təkcə Ermənistanı gücləndirmək deyil, eyni zamanda, türk dünyası ilə Azərbaycanın bütün quru yol əlaqələrini kəsmək idi. Bu isə geosiyasi maraqları naminə çar Rusiyasının həyata keçirdiyi siyasətin Sovet hakimiyyəti tərəfindən də eyni ilə davam etdirilməsinin əyani sübutu idi.
1988-ci ildə Ermənistan beynəlxalq havadarlarının köməyi ilə növbəti plana əl atdı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli sürdü. Nəticədə Ermənistanla Azərbaycan arasında yenidən münaqişə başladı. 1988 – 1991-ci illərdə ermənilər Zəngəzurun Meğri rayonunun 7 yaşayış məntəqəsindən, Sisyan rayonunun 11 yaşayış məntəqəsindən, Qafan rayonunun 41 yaşayış məntəqəsindən, Gorus rayonunun 4 yaşayış məntəqəsindən azərbaycanlıları vəhşicəsinə deportasiya edərək soydaşlarımıza qarşı etnik təmizləmə siyasətini başa çatdırdılar.
1991-1994-cü illərdə Ermənistan silahlı qüvvələri xarici havadarlarının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal etdi. Bununla da, Zəngəzurun şərq hissəsi, yəni Azərbaycan Respublikasının sərhədləri daxilində olan hissəsi – Laçın, Qubadlı və Zəngilan rayonları da işğal olundu. Bu rayonlardakı 301 azərbaycanlı yaşayış məntəqəsini əhatə edən 3347 kvadratkilometr ərazi Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi, oradan 150 min nəfərdən artıq əhali məcburi köçkün vəziyyətinə düşdü.
Tarixin dönüş nöqtəsi
Son 200 ildə tarix bizə ilk dəfə şans verdi. Bu şansı biz özümüz yaratdıq. İqtisadiyyatımızı və ordumuzu gücləndirdik, xalqla hakimiyyətin vəhdətinə nail olduq, beynəlxalq aləmdə nüfuzumuzu yüksəltdik, bizə arxa duracaq dostlarımıza güvəndik və istəyimizə nail olduq. Ermənistanın arxasında duran və onu şirnikləndirən qüvvələr “Dəmir yumruq” qarşısında tab gətirmədilər. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən ikinci Qarabağ müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdi. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanan sənədə əsasən Zəngəzur üzərindən Naxçıvanı birləşdirən kommunikasiya dəhlizi açılacaq. Zəngəzur dəhlizi türk dünyasını birləşdirən dəhliz olacaq.
2021-ci il iyulun 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzaladı. Həmin fərmana əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı.
İyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı dövlətimizin başçısı demişdir: “Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur... Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə.”
Azərbaycan heç vaxt indi olduğu qədər güclü olmayıb. Biz də tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək və xalqımızın iradəsini əsas götürərək tarixi ədalətsizliyi aradan qaldırmalıyıq.
Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru,
Prezident Kitabxanasının şöbə müdiri