Bu barədə hərəkatın təsisçisi Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutunun (BİTİ) sədri Zaur Qəriboğlu məlumat verib.
Onun sözlərinə görə, hərəkat tarixi Azərbaycan torpağı olan İrəvanın gələcəyi ilə bağlı müzakirələrin aparılacağı ictimai foruma çevriləcək:
“Məlum olduğu kimi, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yaranmışdı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı. Tarixdə məlumdur ki, bütün beynəlxalq müqavilələr 100 illiyinə bağlanır və 100 ildən sonra başa çatmış hesab olunur. Biz də İrəvan-2018 Hərəkatı olaraq tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərimizə düşən işləri həyata keçirmək üçün fəaliyyətə başlayırıq. Fəaliyyətimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi “İrəvanı icarəyə vermişdik, indi vaxt tamam olan zaman geri istəyəcəyik” fikrinə uyğun istiqamətdə quracaq, İrəvanla bağlı müxtəlif elmi – kütləvi, praktik tədbirlər həyata keçirəcəyik. Ölkə daxilində və xaricində baş tutacaq tədbirlərimizdə dünyanın ən məşhur elm xadimləri, araşdırmaçıları, sahə üzrə mütəxəssislər və ekspertlər iştirak edəcək.
Fəaliyyətimiz dövründə İrəvanda ermənilər tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin tədqiqini: bizə aid olan bu əzəli, əbədi Türk yurdu ilə bağlı filmlərin bir neçə dildə hazırlanmasını, təqdimat mərasimlərinin keçirilməsini, İrəvanla bağlı virtual muzeyin yaradılmasını, həmçinin dünyanın müxtəlif ölkələrində təqdim olunmaq məqsədi ilə üzərində qədim İrəvan şəhərinin təsvirləri olan açıqcaların çapını və həmin açıqçaların dünyanın 4 böyük şəhərində – Nyu York, Strasburq, İstanbul və Romada paylanmasını, İrəvanla bağlı Türkiyə sənətçilərinin iştirakı ilə reklam çarxının hazırlanmasını, 1948, 1953,1988-ci illərdə ermənilər tərəfindən həyata keçirilən deportasiyaların canlı şahidləri ilə dünyanın bir sıra ölkələrində görüşlərin təşkilini nəzərdə tuturuq.
Çalışacağıq ki, bütün gücümüzlə ermənilərin iç üzünü ifşa edib bütün dünyaya göstərək ki, onlar nəinki Qarabağa haqq iddia edə bilməzlər, hətta onların monoetnik respublikalarının paytaxtı belə bizim tarixi torpağımızdır. Hərəkata qoşulmaq isə tam könüllülük prinsipləri əsasında həyata keçirilir və istənilən təşkilat bu hərəkata qoşula bilər. Qeyd edim ki, hətəkatın idarəetməsi sonradan formalaşacaq, idarə heyəti tərəfindən həyata keçiriləcək”.
Z.Qəriboğlu hərəkatın rəsmi Feysbuk və Tvitter hesablarının açıldığını da qeyd edib. Hərəkata qoşulmaq istəyən könüllülər və təşkilatlar özləri haqqında məlumatı [email protected] email ünvanına göndərə bilər.