İrəvan tarixi

İrəvan xanlığının tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən - xanlıqlarından biri idi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə — XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda İrəvan xanlığının ərazisində cərəyan etmişdir. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə — Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"sində oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada — Göyçə dənizi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.

İrəvan xanlığının ərazisi, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi. 

XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad ) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdı. Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi. İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri — kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları — toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi... Lakin XIX əsrin əvvəllərində Cənııbi Qafqazın tarixində qanlı faciələr dövrü başlandı. Regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Çox çəkmədən Cənubi Qafqaz Rusiya imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr meydanına çevrildi.

Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi. 1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən Birinci Rusiya - İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il) Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Lakin İrəvan xanlığı Rusiyaya təslim olmadı və öz müstəqilliyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimləri olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) və Hüseynqulu xan Qacarın (1806-1827) başçılığı ilə doğma vətəninin müdafiəsinə qalxaraq çar qoşunlarına qəhrəmanlıqla müqavimət göstərdi. Böyük itkilər verən Rusiya imperiyasının hakim dairələri İrəvan xanlığını ələ keçirmək üçün şirnikləndirici vasitələrə əl atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş komandanı general Qudoviç İrəvan sərdarının (Hüseynqulu xan Qacar - red.) qardaşı Həsən xan Qacara qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd etdi.

Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında ermənilərin köməyindən, erməni xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn, çarın həmin dövrdə verilmiş bir fərmanına bununla bağlı ayrıca bənd daxil edilmişdi: "...Hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq sizin ixtiyarınıza buraxıram". Bütün bunlara baxmayaraq, Birinci Rusiya-İran müharibəsi zamanı Rusiya imperiyası İrəvan və Naxçıvan xanlıqlarını işğal edə bilmədi. Hər iki xanlığın yerli əhalisi olan Azərbaycan vətənpərvərləri doğma yurdun azadlığı uğrunda işğalçılara və onlara kömək edən ermənilərə qarşı qəhrəmanlıq mübarizəsi aparıb və qələbə çaldılar. İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyən I Nikolay İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi - strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: "Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin. İkinci Rusiya — İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında işğalçı generala xüsusi olaraq tapşırırdı: Təcili olaraq İrəvan Sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: "Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tululub". Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir.

Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar, qardaşı "Aslanlar başı" titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel 23 iyun; 24 sentyabr 1 oktyabr) və Sərdarabad qalasını (16-17 aprel; 14-20 sentyabr) dörd dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Benkendorfun Sərdarabad qalasını təslim etmək tələbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi: "Qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdır". İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar isə son anda qalanı düşmənə təslim etməkdənsə partlatmaq məqsədilə barıt qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü. Lakin xəyanət öz işini gördü. Ermənilər İrəvan qalasını mühasirədə saxlayan Paskeviçlə əlaqəyə girdilər və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdikləri, top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə işğalçılara məlumat verdilər. Erməni xəyanətindən istifadə edərək İrəvan qalasını ələ keçirən və xanlığı işğal edən rus qoşunlarının baş komandanı Paskeviç bu "qələbəyə görə" qraf titulu, 2-ci dərəcəli Georgi ordeni, 1 milyon rubl məbləğində pul mükafatı və İrəvan qalasının ələ keçirilməsinə görə "Erivanski" titulu aldı. İrəvan qalasının alınması Sankt-Peterburqda bayram edildi və bu münasibətlə xüsusi rəsmi keçid düzənləndi. Bundan əlavə, İrəvan qalasının alınması münasibətilə xüsusi medallar təsis olundu.

İşğalçı Rusiya qoşunlarının İrəvanda törəldikləri dağıntılar və şəhərə vurduqları zərərlə bağlı V.Potto bu hadisənin canlı şahidinin dediklərini olduğu kimi qələmə alaraq yazırdı: "Qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısı məni heyrətə saldı. Mənə elə gəlir ki, rus mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi". Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra, 
Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian — istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstan Respublikasının məhz azərbaycanlılar yaşayan bölgələrinə köçürdü. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret gösləriş də vermişdi: köçürülən erməniləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalinin sayı mümkün qədər artırılsın. Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İrandan Şimali Azərbaycana - İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi. Ermənilərin İrandan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv materialları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sənədləri-təlimatlar çox aydın sübut edir.

Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən erməni mənşəli rus polkovniki Qazaros Lazaryan (Lazaryev) İran ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: "... Orada (yəni Şimali Azərbaycanda — red.) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin — red.) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik". Daim köçəri həyat sürməyə, yerdəyişmələrə adət etmiş ermənilərə bu dəfə təlqin edilirdi ki, "İran çörəyi yeməkdənsə rus otu yemək daha yaxşıdır". Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi. Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gəlirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Yeri gəlmişkən. işğalçı general bu faktla hesablaşmağa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə ermənilərə daha yaxşı şərait yaratmaq üçün canfəşanlıq edən, regionda böyük əksəriyyət təşkil edən yerli Azərbaycan türklərinin haqqını kobudcasına tapdalayan İrəvan Müvəqqəti İdarəsinin üzvü, erməni arxiyepiskopu Nersesi vəzifəsindən kənar edib Bessarabiyaya sürgün etdirmiş, buna şərait yaradan İrəvan Müvəqqəti İdarəsinin rəisi general Krasovskini isə vəzifəsindən kənar edib Rusiyaya qaytarmışdı. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdır:- "Hazırda Cənubi Qafqazda yaşayan I milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar — red.) köçürüb gətirmişik". Çar Rusiyası XIX əsrin 20-30-cu illərindən başlayaraq erməniləri Cənubi Qafqazdakı Azərbaycan torpaqlarına köçürüb gətirməklə bu regionun qədim tarixi dövrlərdən bəri davam edən ənənəvi etnik-siyasi və dini mənzərəsini zorla dəyişdirdi. Şimali Azərbaycanın İran və Türkiyə ilə sərhəd torpaqlarında Cənubi Qafqaz üçün tamamilə yad olan yeni xristian etnosu yerləşdirdi. Rusiya müstəmləkəçiləri, çox çəkmədən, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müsləqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də Azərbaycan xalqının Novruz bayramı günlərindən birində imperator İ Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı.

Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu, İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı. Yeri gəlmişkən, 1828-ci ildə, özü də ermənilərin köçürülmə kampaniyası başa çatdırıldıqdan sonra "Erməni vilayəti"ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı.

Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: "Erməni vilayəti" ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi - İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.

Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə Cənubi Qafqazm türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qafqazla bağlı geosiyasi planlarını həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun müqabilində onlara tarixi Azərbaycan torpaqlarında — keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik göstərdilər. Nəhayət, 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, öz xalqının iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən torpağından düşmənə pay verildi. Və pay verilmiş həmin Şimali Azgrbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı. 29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində ümumiyyətlə erməni dövləti olmamışdır. Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında İrəvam və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal sonra Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı. Erməni millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya imperiyasının Azərbaycan xanlıqları, İran və Türkiyə ilə bağladığı müqavilələrin adları və mətnləri də saxtalaşdırıldı. Rusiya və Sovet İttifaqının ali rəhbərliyində, dövlət və hökumət strukturlarmda mühüm mövqelər ələ keçirmiş ermənilər öz məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi surətdə köçürülüb gətirilmiş gəlmə ermənilər bu regionun "ən qədim yerli əhalisi", ata-baba torpaqları əllərindən alınıb ermənilərə paylanmış yerli azərbaycanlılar isə "gəlmə", "köçəri yırtıcılar" kimi qələmə verilməyə başlandı. Erməni millətçiləri bütün dünyaya Azərbaycan və azərbaycanlılar haqqında dayanmadan saxta və qəsdən təhrif olunmuş informasiyalar yaydılar.

Ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100.000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha on minlərlə aborigen əhali doğma yurdundan məhrum edildi.

Beləliklə, hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Şimal Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yartmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu.

Beləliklə, bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.

Əməkdar elm xadimi, 
AMEA-nın müxbir üzvü, 
tarix elmləri doktoru, professor 
Yaqub Mahmudovun 
"İrəvan xanlığı" kitabından