Cənubi Azərbaycanda erməni terroru

1917-1918-ci illərdə Urmiya bölgəsində 130 mindən artıq azərbaycanlı soyqırıma məruz qalıb

1917-1918-ci illərdə Cənubi Azərbaycanın qərb bölgəsində, əsasən Urmiya, Səlmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı böyük dövlətlərin təşkil etdikləri, başda ermənilər olmaqla xristian ordusunun həyata keçirdiyi soyqırımı cinayətini özündə əks etdirən xeyli farsdilli mənbə və ədəbiyyat mövcuddur.

 

Lakin Türkiyə Cümhuriyyəti “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”ndən (bundan sonra – ATASE) əldə edilmiş sənədlər ilk dəfədir ki, elmi dövriyyəyə daxil edilir. 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Urmiya bölgəsində həyata keçirilən erməni və aysorların qanlı cinayətlərini Osmanlı dövləti yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün görüləcək bütün tədbirləri VI ordu komandanı Xəlil paşaya həvalə etmişdir.
1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü. Çağırılmamış nankorların gəlməsi, üstəlik bu hadisənin Birinci Dünya müharibəsi şəraitində baş verməsi yerli əhali üçün ağır bir yük idi. Lakin buna baxmayaraq Cənubi Azərbaycan əhalisi onların yaşaması üçün münasib şərait yaradıb çörək və ocaqlarını onlarla böldü. Lakin cilovlar bu duz-çörəyin qarşılığını ölüm, qan və güllə ilə ödədilər (Bax: Dilməqani T. Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində. AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı, 2011).
Brest-Litovsk müqaviləsindən sonra rus qoşunlarının İrandan geri çəkilməsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtəlif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da artırdı. Rus qoşunlarının Cənubi Azərbaycandan təxliyə edilməsi ilə eyni zamanda müttəfiq dövlətlər (İngiltərə, Fransa və ABŞ) erməni, aysor və Cənubi Azərbaycanda qalan rus qüvvələrindən ibarət xristian ordusu yaradaraq azərbaycanlılara qarşı xaç yürüşü həyata keçirdilər.
Rus qoşunlarının İrandan geri çəkilməsindən sonra ingilis hərbi hissələri Zəncan və Miyanəni işğal etdilər. Xoy və Urmiyada ingilis zabitlərinin komandanlığı altında polis və qoşun dəstələri yerləşdirildi. Müttəfiqlər azərbaycanlılara və osmanlılara qarşı erməniləri və aysorları silahlandıraraq onlardan 6 batalyon (4 batalyon aysor və 2 batalyon erməni) 4 batareya, 300 nəfərlik süvari dəstə və rus, ingilis, fransız zabitlərinin komandanlığı altında bir pulemyot rotası təşkil etdilər.
ATASE arxivindən əldə olunan sənədlər içərisində Cənubi Azərbaycan bölgəsində baş verən soyqırımıların iri dövlətlərin dəstəyi ilə həyata keçirildiyini təsdiq edən məlumatlar öz əksini tapmışdır. Həmin dövrdə 6-cı firqə komandanlığına göndərilən bir teleqramda: “Urmiya və Səlmas ətrafına bir rus polkovnikinin komandanlığı altında 1-i erməni, 3-ü aysorlardan ibarət olan 4 piyada taburunun, ayrıca olaraq 5 minədək silahlı erməni və aysor birləşməsinin, 12 dağ batareyası və çox sayda odlu silahın olması” haqqında məlumat verilmişdir (ATASE, K. 1/16, D.8, F. 105).
Ermənilər məkrli niyyətlərinə çatmaq üçün xristian təəssübkeşliyi ilə Cənubi Azərbaycan ərazisində yerləşdirilən aysorlardan istifadə edirdilər. Hətta, Anadolu bölgəsindən geri çəkilən rus qoşunlarının tərkibində olan ermənilər də Urmiya bölgəsinə gələrək buradakı erməni və aysorlarla birləşmişdilər. Onlar rus ordusuna məxsus silahları ələ keçirərək Urmiya, Səlmas, Xoy və Cənubi Azərbaycanın digər bölgələrində yerli əhaliyə hücum edərək onları məhv etməyə başladılar (ATASE, K. 1/16, D.8, F. 105).
1918-ci ilin fevral-mart aylarında erməni-aysor birləşmələrindən təşkil olunmuş xristian ordusu Savuçbulaq bölgəsində geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirdilər. Silahlanmış dəstələr əsasən Urmiya və Dilman bölgəsində toplanmağa başladılar. ATASE arxivindən əldə olunan sənədlər içərisində hətta ingilislərin Alaçatı ətrafında gizli yollarla qatır aldıqları və 5000-ə qədər erməni mühacirini Dilman ətrafındakı kəndlərə yerləşdirməsi haqqında da məlumat verilir. Rusiya və Amerika Birləşmiş Ştatları kimi iri dövlətlərin himayəsinə arxalanan erməni-aysor hərbi birləşmələri Urmiya şəhəri ətrafında hərbi mövqe tutaraq, yerli əhalini soyub-talayır, gündüz barışığa vəd versələr də, gecələr şəhərin ayrı-ayrı məhəllələrini yandırıb, viran qoyurdular.
Hətta Van bölgəsindən, Osmanlı hərbi hissələrinin önündən geri çəkilən erməni və aysorlar da Urmiya gölü ətrafında birləşərək yerli türk-müsəlman əhaliyə və Osmanlı qüvvələrinə qarşı vuruşmaq üçün hazırlığa başlamışdılar. Bunun qarşısını almaq məqsədilə Osmanlı qüvvələri həm Van bölgəsindən Urmiyaya doğru, həm də Ərbil və Rəvandiz bölgəsindən Cənubi Azərbaycan və Cənubi Qafqaza doğru hərəkət edirdi.
Erməni və aysorların Urmiya bölgəsində Azərbaycan türklərini qətlə yetirməsi Osmanlı dövlətinin VI və III ordusuna məxsus hərbi hissələrinin Urmiyaya doğru qərb istiqamətindən hərəkətə başlamasına səbəb oldu. Osmanlı Dövləti Urmiya bölgəsində günbəgün artan erməni və aysorların qanlı fəaliyyətlərini yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün həyata keçiriləcək bütün tədbirləri əsasən VI ordu komandanı Xəlil paşaya həvalə etmişdi.
Xəlil paşanın 22 yanvar 1918-ci il tarixində Mosuldan Rəvandiz qrupu komandanlığına göndərdiyi teleqramında (ATASE, K. 3632, D.136, F. 003.) müxtəlif təhlükəsizlik mənbələrindən alınan məlumata görə Sakkız və Sovuçbulağın rus qoşunlarından təxliyə edilməsi və Urmiyanın da təxliyə olunacağı məlum olur. Bundan əlavə, sənəddə “Urmiya bölgəsinə təhlükəsizlik qüvvələrinin təyin edilməsi və göndərilməsi, erməni və aysor qüvvələrinin hazırkı vəziyyəti haqqında alınan xəbərlərə ciddi əhəmiyyət verilməsi” tələb olunurdu. Xəlil paşanın yenə də 22 yanvar 1918-ci il tarixində ikinci ordu komandanlığına göndərdiyi digər şifrəli teleqramda Sakkız və Savuçbulağın rus qoşunları tərəfindən boşaldılmasına dair xəbərlər, bölgədəki erməni və aysorların fəaliyyətinə dair məlumatlar vermişdir. Sənəddə qeyd olunur ki, “15 dekabr 1917-ci il tarixində İttifaq dövlətləri ilə Rusiya arasında imzalanan sülhün maddəsinə uyğun olaraq ərzaq tədarük edən Şəmdinan ətrafında yerləşən kəndlərimiz ruslar tərəfindən xoş rəftar görsə də, erməni və aysorlar tərəfindən məhv edilmişdir. Canlarını qurtara bilənlərin ifadələrinə görə Urmiyanın cənub tərəfində iki minə qədər erməni və aysor qüvvələri vardır”.
Xəlil paşanın Osmanlı Baş komandanlığına göndərdiyi 5 fevral 1918-ci il tarixli şifrələnmiş teleqramında rus ordusu tərəfindən Urmiyanın təxliyə edilməsindən sonra alınan xəbərlərə uyğun olaraq görüləcək tədbirlər haqqında məlumat verilmişdir.
Xəlil paşa 13 fevral 1918-ci il tarixində Rəvandiz qrupu komandanlığına göndərdiyi altı maddəlik teleqramında rusların Üşnü, Pavə, Sovuçbulaq bölgələrini boşaltması və Urmiya bölgəsində ermənilərin təşkilatlanmasına dair yeni məlumatların alındığını bildirərək yazırdı: “ingilislərin təşəbbüsü ilə təşkilatlanmış ermənilərin fəaliyyəti, İranın Osmanlı sərhədinə yaxın bölgələrindəki vəziyyət və ərzaq tədarükü haqqında doğru-düzgün məlumat almaq üçün Rəvandiz qrupu Pavə, Üşnü, Mərgəvər istiqamətlərinə güclü kəşfiyyatçılardan ibarət zabitlər dəstəsi səfərbər edilməlidir” əmrini vermişdir. Bundan əlavə, sənəddə bu kəşfiyyat dəstəsi öz səfərləri zamanı ruslarla qarşılaşarsa onların ağ bayraq qaldıraraq ümumi vəziyyətə nəzarət etmək məqsədilə göndərildiklərini söyləməli, geri dönən zaman erməni dəstələrinin tələ qurma ehtimalını da nəzərə almalıdırlar. Miyandoab, Urmiya xəttinə qədər ayrıca kəşfiyyatçılar dəstəsi göndərilərək onlardan erməni təşkilatları, ordu hissələri haqqında dolğun məlumat əldə edilməsi istənilmişdir.
Rus qoşunlarının İranı təxliyə etməsi uzun zaman həm Osmanlı, həm də İran torpaqlarında müstəqil dövlət qurmaq məqsədi güdən erməni və aysorların xəyallarının boşa çıxmasına səbəb oldu. 1918-ci ilin əvvəlindən başlayaraq erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı görünməmiş vəhşiliklə həyata keçirdikləri qətliamlar intensivləşdi. İlk kütləvi qətliamlar 1918-ci il fevralın əvvəllərində Urmiya şəhərində birləşmiş xristian ordusu tərəfindən azərbaycanlıların məhv edilməsi ilə başlandı. 22 fevral cümə günü Urmiya əhalisinin 3 günlük fasiləsiz qırğını başlandı. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edildi.
Qırğının 2-ci günü gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidildi, …günahsız insanların çığırtısı qulaq batırırdı. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürdülər.
Erməni və aysor silahlı birləşmələrinin bu soyqırımıları həyata keçirən zaman toplardan istifadə etmələri daha çox insanın məhvinə səbəb oldu. ABŞ-ın Urmiyadakı konsulu Şedin hiyləsi ilə tərk-silah olunmuş və heç bir yerdən kömək görməyən azərbaycanlılar ailələrini başqa yerə köçürüb, döyüşə atılmaq qərarına gəldilər. Soyqırımının baş verdiyi dövrdə yaşayan Seyid Əhməd Kəsrəvinin yazdığına görə, şəhəri top atəşinə tutan ermənilər əhali arasında vahimədən istifadə edərək, şəhərə daxil olub dinc əhaliyə divan tutur, evləri yandırır, kütləvi qətl-qarət törədirlər. Həmin dəhşətli hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətliam edilmişdir. Ə.Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır (Seyid Əhməd Kəsrəvi. “Tarix-e 18 sale Azərbaycan”. Tehran, 1350, s.919).
Xəlil paşanın Mosuldan VI firqə komandanlığına 12 mart 1918-ci il tarixində göndərdiyi teleqramda Urmiya bölgəsində ermənilərin vəhşilikləri haqqında “….ermənilərin əhalini soyub-talayan, təhdid edən müxtəlif dəstələrinin birləşməsi ehtimalı vardır” şəklində qiymət verərək, görüləcək tədbirlə bağlı “Buna isə bizim süvarilərdən istifadə edərək Üşnünü ələ keçirib əhalini himayə etməklə mane ola bilərik” demişdir. Teleqramdan məlum olur ki, Üşnü bölgəsində ermənilər və aysorlar yerli türk-müsəlman əhalinin evlərini yandırmış və onları qətlə yetirmişlər.

(Ardı var)

Güntəkin NƏCƏFLİtarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı