Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İrəvansız 100 il” mövzusunda ictimai müzakirə xarakterli tədbir keçirilib.
Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi ilə birgə keçirilən tədbirdə ADAU-nun professor-müəllim və tələbə heyəti, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov indiki Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpaqlarından, o cümlədən İrəvan şəhərinin ermənilərə verilməsindən danışıb.
Rektor qeyd edib ki, bu torpaqların Azərbaycan xalqına məxsus olması dövlətimizin başçısı İlham Əliyev tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilib. Prezident İlham Əliyevin “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər, tarixi kitablar yazılır, arxivlər qaldırılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir” sözlərini iştirakçıların diqqətinə çatdıran rektor bildirib ki, Azərbaycan Prezidentinin bu fikirləri məsələnin aktuallığını bir daha təsdiq edir.
Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin sədri Zaur Qəriboğlu çıxış edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, İctimai Birlik Azərbaycan Respublikasinin Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün elan etdiyi qrant müsabiqəsində “İrəvansız 100 il” mövzusunda tədbirlərin təşkili və sosial şəbəkələrdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə iştirak edərək qalib gəlib.
“2018-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu il həm də tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə verilməsinin 100 ili tamam olur. Müzakirənin ADAU-da təşkili həm də o məqsədi daşıyır ki, Azərbaycan Xalq Cümhuriyyətinin Höküməti və Milli Şura üç ay ərzində məhz bu universitetin indiki inzibati binasında fəaliyyət göstərib”, – deyə Zaur Qəriboğlu qeyd edib.
Digər çıxışlarda da indiki Ermənistanın Azərbaycanın əzəli torpaqlarında yaradılması, İrəvanın güzəştə gedilməsinin tariximiz üçün hansı faciələrə yol açdığı faktlar əsasında iştirakçıların diqqətinə çatdırılıb.