Çağdaş tariximizə adını müzəffər ordu kimi yazmış Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizin yetirməsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan milli ordumuz şanlı tarixinin 102-ci ilində – ötən ilin payızında ərazilərimizin bütövlüyü uğrunda Vətən müharibəsini Zəfərlə başa çatdırmaqla müstəqil dövlətimizin 30 ildən bəri ən ağrılı problemi olmuş Qarabağ münaqişəsini birdəfəlik aradan qaldırdı.
Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasından keçən 30 ildə ilk dəfə ümummilli bayramlarımızdan sayılan Silahlı Qüvvələr Gününü Qələbə sevinci ilə qarşıladı. 10 gün əvvəl ölkəmizdə sayğı və qədirbilənliklə qeyd etdiyimiz 15 İyun Milli Qurtuluş Gününün doğurduğu hədsiz təntənə Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün aşıb-daşan, öyünclü duyğu-düşüncələrinə qovuşdu. Dövlət suverenliyimizin qorunub möhkəmləndirilməsi baxımından bu iki seçilən gün ən yeni tariximizdə qoşa dayanır və tarixi Qurtuluşdan başlanan əzəmətli Zəfər yolunu nişan verir.
Azərbaycan xalqının dövlətçilik və qəhrəmanlıq tarixində qürurlu bir səhifəyə çevrilmiş 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük Zəfəri şərtləndirən amillərdən danışarkən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 3 məqam üzərində xüsusi olaraq dayanıb– güclü Dövlət, güclü Xalq və güclü Ordu. Yəni müharibə sınaqlarından o ölkə qalib çıxa bilər ki, orada güclü dövlət, güclü xalq və güclü ordu olsun.
Bu formul, əslində, dünya müharibələrinin təcrübəsindən, müstəqilliyin bərpasından sonra Dağlıq Qarabağ ətrafında gedən proseslərin acı dərslərindən və eləcə də Vətən müharibəsinin şərəfli təcrübəsindən irəli gələn bir qənaətə əsaslanır. Çünki məhz güclü dövlət olan yerdə xalqın gücünü ortaya çıxarmaq və tarixi vəzifələrin icrasına istiqamətləndirmək olar. Güclü dövlət və xalq olmayan yerdə isə güclü ordu ola bilməz. Bu 3 amilin qarşılıqlı və yaradıcı əlaqəsi isə Vətən müharibəsində əldə edilmiş böyük Zəfər kimi tarixi möcüzənin yaradılmasının başlıca şərtidir.
Bu gün hamılıqla sevincini yaşadığımız o böyük Zəfərin təminatçısı olan güclü dövlətin, güclü xalqın və güclü ordunun tarixi isə öz başlanğınıcı, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin 1993- cü ildə hakimiyyətə qayıdışından götürür. Məhz onun hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlətçilik tarixinə, xalqın təşkilatlanma tarixinə və ordu quruculuğu tarixinə yeni və parlaq bir səhifə yazıldı. Həm də Azərbaycanın gələcək tarixində xüsusi əhəmiyyət kəsb edəcək güclü dövlət, güclü xalq və güclü ordu təcrübəsi formalaşdı.
Yaxın tariximizdən bəllidir ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına qədərki müstəqillik dövründə iqtidarda olan qüvvələrin səriştəsizliyi, qrup və hakimiyyət ehtiraslarının ümummilli maraqları kölgədə qoyması, siyasi qüvvələr arasındakı didişmələr və parçalanmalar dövləti dərin böhrana sürükləmiş, iqtidarla xalq arasındakı uçurumu dərinləşdirmiş, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratmışdı nəticədə, respublika daxilində separatçı qüvvələr baş qaldırmış və xarici siyasət isə dar çərçivəyə qapanmışdı.
Milli və dövlət maraqlarına cavab verməyən həmin yarıtmaz siyasət nəticəsində Azərbaycanın ordusu da dərin bir böhranla üzbəüz qalmışdı. Çünki ordu quruculuğu ilə bağlı dövlətin aydın bir siyasəti yox idi, dövlət və ordu bir-birindən ayrı düşmüşdü, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanmalar yaranmışdı. Orduya vahid komandanlıq təmin edilməmişdi, xaos, özbaşınalıq və qanunsuzluqlar baş alıb gedirdi. Bu isə Vətənin müdafiəsi istəyi ilə silaha sarılmış minlərlə insanın gücünün vahid zərbə qüvvəsinə çevrilməsinə imkan vermirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin nəticələri ilə bağlı etdiyi son çıxışlarından birində Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər respublikada yaranmış həmin vəziyyəti belə xarakterizə edirdi: “1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı”.
1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşəndən sonra isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı, ölkə ərazilərinin müdafiəsində dayanmalı olan Azərbaycan əsgərinə qarşı silah qaldırıldı, itkilər verildi. Belə bir vəziyyətdə xalqın tələbi və istəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və o, addım-addım respublikanı qarşılaşdığı real süqutdan xilas etdi.
Ulu öndər Heydər Əliyev, hər şeydən əvvəl, Azərbaycan dövlətini və dövlətçiliyini düşdüyü böhrandan çıxardı. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında da Heydər Əliyev dövlət quruculuğunu, güclü dövlət yaradılmasını respublika qarşısında dayanan ən başlıca vəzifəlrədən biri kimi irəli sürürdü: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikada güclü dövlətçiliyin əldə edilməsi üçün zəruri olan əsas şərtlərdən biri daxili hərbi-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin güclü dövlət yaradılması üçün əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin həyata keçirilməsinə zəmin yaradılması güclü dövlətin və siyasi iradənin mövcudluğu ilə mümkündür.
Ulu öndər Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti belə bir iradənin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin həllinə də Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər.
Güclü dövlət yaradılamsının elə bir sahəsi yoxdur ki, Heydər Əliyev həmin sahədə milli maraqlara cavab verən köklü dəyişikliklərə nail olmasın və Azərbaycanda güclü dövlətin yaradılması istiqamətində uğurlu addımlar atmasın. Bu istiqamətdə Heydər Əliyevin irs qoyduğu qiymətli dəyərlərdən biri də xalqa arxalanması, dövlətin gücünün xalqın gücündən qaynaqlanmasında görməsi idi. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunun təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.
Qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycanın güclülüyünü təmin etmək üçün xalqı dövlət ətrafında birləşdirə bildi. O, xalqın inamını, vahid məqsədlər ətrafında birləşmək gücünü özünə qaytardı. O əsl lider olaraq dövləti xalqın xidmətinə gətirməklə xalqdan güc və qüvvət aldı. Azərbaycanda dövlət quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni güclü dövlətin formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi oldu. Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi dövlət həyatına da sirayət etdi, cəmiyyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı.
Bütünlükdə, Heydər Əliyev dövlət–xalq münasibətlərində yeni bir təfəkkür formalaşdırdı– insanlarda dövlətə münasibətdə yeni bir düşüncə yarandı, əvvəlki dövrlərdə iqtidara olan etimadsızlıq, ayrı-ayrı siyasi dairələrin fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, dövlətin xalq təmsilçisi olmasının real anlamı xalq arasında bərqərar olundu. Heydər Əliyevin bu sahədəki fəaliyyəti xalqda dövlətə olan inamı geri qaytardı– xalq da dövlət ətrafında birləşdi, bu birliklə öz gücünü ortaya qoydu. Ulu öndər həmin gücü dövlətin rəhbərliyi altında erməni təcavüzünə qarşı mübarizəyə, bütünlükdə isə möhkəm dövlətin formalaşdırılmasına səfərbər etdi.
Respublikada hərbi-siyasi şəraitin mürəkkəbləşməsi ilə bağlı 1993-cü il noyabr ayının 2-də Heydər Əliyevin radio və televiziya ilə xalqa müraciəti də xalqa və onun gücünə dayaqlanmağın təsdiqedici bir nümunəsidir. Bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin gücünə arxalandığı xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və öz potensialını Vətənin müdafiəsinə istiqamətləndirildi.
Ulu öndər Heydər Əliyev xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə də səfərbər edə bildi. O, respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib on-ları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən neqativ halların qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı.
Məhz xalqın mübarizə gücünün təşkilatlandırılması, səfərbər edilməsi və milli maraqlar müstəvisində istiqamətləndirilməsi nəticəsində Heydər Əliyev güclü ordunun yaradılmasına da nail oldu. Güclü ordunun yaradılması özü də onu yaradan dövlətin güclü olması ilə şərtlənir. Çünki ordu müstəqil dövlətin atributudur və onun qurulmasının və təşkilatlandırılmasının dövlətin və xalqın mənafelərinə cavab verə biləcək şəkildə həyata keçirilməsi ölkənin siyasi rəhbərliyinin və dövlətin gücünü, onun bütün orqanlarının yüksək siyasi yetkinliyini və təşkilatçılıq qabiliyyətini tələb edir.
Ölkənin etibarlı müdafiəsi, bu vəzifəni yerinə yetirməyə qadir olacaq güclü ordunun formalaşdırılması dövlətin iqtisadi, siyasi, mənəvi-siyasi hərbi imkanlarının sınağı olduğu kimi, həm də bu amilləri düzgün əlaqələndirməli olan güclü rəhbərliyin, hakimiyyətdə olan siyasi qüvvənin təşkilatçılıq və yetkinlik keyfiyyətlərinin sınağıdır. Ordu dövlət qurumu olduğu üçün onun formalaşdırılması, möhkəmlənməsi, ölkənin etibarlı müdafiəsini təmin etməyə imkan verəcək keyfiyyətləri əldə etməsi dövlətin, onun rəhbərliyinin, iqtidarı təmsil edən qüvvələrin formalaşdırdığı siyasətin mahiyyətindən, orduya qayğısından, silahlı qüvvələr quruculuğunu həyata keçirmək istəyindən və bunun üçün malik olduğu gücdən birbaşa asılıdır.
Hərbi qüvvələrin formalaşmasında, iqtisadiyyatın, mədəniyyətin, elm və texnikanın nailiyətlərinin ordu quruculuğuna və onun möhkəmləndirilməsinə istiqamətləndirilməsində əsas rol dövlətə və onun siyasətinə aiddir. Yəni ordu quruculuğunun əsas istiqamətləri, ondan istifadənin məqsədi dövlətin gücü və xarakteri ilə müəyyənləşir. Ona görə də güclü ordunu yalnız güclü dövlətin mövcudluğu şəraitində təşkilatlandırmaq mümkün ola bilər.
Böyük rəhbər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışına qədərki Azərbaycanın qısa müstəqillik tarixi də yuxarıda deyilənlərin doğruluğunun təsdiqi ola bilər. Müstəqilliyin, təxminən, ilk il yarımı ərzində Azərbaycan xalqı iki prezidentin dövlətə rəhbərliyinin şahidi oldular. Bu prezidentlərin hər birinin fəaliyyəti dövründə müstəqilliyin mühüm atributlarından olan ordunun formalaşdırılmasına fərqli münasibət ortaya qoyuldu. Bu münasibətlər siyasi xarakteri və məzmunu baxımından bir-birindən fərqli olsa da, onların heç biri müstəqil ordunun təşkilatlanmasına və sabit inkişafına zəmin yaratmadı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər ordu adı altında mövcud olan qurum ayrı-ayrı məqsədlər üçün yaradılmış və istifadə edilmişdi. Başqa sözlə, silahlandırılan qüvvələrin böyük bir hissəsi dövlətin vahid siyasəti altında, dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün deyil, ayrı-ayrı qrupların şəxsi məqsədləri üçün istifadə edilirdi. Ona görə də dövlət orduya öz nəzarətini itirmişdi, hətta Vətəninin azadlığı uğrunda silaha sarılan insanlardan təşkil edilən hərbi hissə və bölmələr də şübhəli məqsədlərə xidmət edən insanların və qüvvələrin nəzarəti altına düşmüşdü. Yəni dövlətin lazımi gücü yox idi ki, ordunun parçalanmasına son qoysun, onu özünün mütləq nəzarəti altına gətirsin və onun gücünü milli maraqların müdafiəsinə istiqamətləndirə bilsin.
Bu vəziyyətə məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra son qoyuldu. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev respublikanı düşdüyü böhrandan addım-addım çıxarmaqla və güclü dövlətin əsasını qoymaqla, ordu quruculuğunu dövlət quruculuğunun ayrılmaz istiqamətinə çevirdi, dövlətin bütün potensialını ordu quruculuğuna istiqamətləndirdi. Heydər Əliyev dövlətin orduya rəhbərliyini bu prosesin məhvərinə çevirdi, bu prosesə yeni bir məzmun verdi, bu proseslə bağlı dövlətin vahid siyasətini müəyyənləşdirdi və zəruri olan qüvvə və vasitələri də bu siyasətin icrasına səfərbər etdi.
Ordu quruculuğunda düzgün yolun seçilməsi, dövlətin və xalqın sağlam potensialının bu prosesə səfərbər edilməsi dərhal da öz nəticələrini verməyə başladı. 1993- cü ilin sonlarında və 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində işğal altında olan xeyli sayda yaşayış məntəqələrinin erməni qoşunlarından təmizlənməsi, 1994-cü ilin martında Tərtər–Ağdam istiqamətində irimiqyaslı hücumlara başlayan Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vurulması Heydər Əliyevin rəhbərliyi altında yenidən əsası qoyulmuş Azərbaycan Ordusunun və bu Ordunu təşkilatlandıran Azərbaycan dövlətinin yeni gücünü nümayiş etdirdi.
1994-cü ilin may ayında cəbhə xəttində atəşkəsə nail olunması isə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan Ordusunun gücləndirilməsi üçün daha əlverişli imkanlar yaratdı. Öz zəkası, sonsuz təcrübəsi və işgüzarlığı ilə Heydər Əliyev Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünün təmin edilməsinə qarant ola biləcək güclü dövlətin və onun ordusunun memarına çevrildi.
Ulu öndər şübhə etmirdi ki, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması üçün də belə bir ordu təşkilatlandırılıb inkişaf etdirilməlidir: “Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Dünyanın heç bir müstəqil dövləti ordusuz yaşaya bilməz. Xüsusən də, yenicə müstəqilliyini qazanmış və belə bir mürəkkəb regionda yaşayan Azərbaycan dövləti. Ona görə də ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur. Biz bunu bilməliyik. Xüsusən, müstəqillik haqqında həddindən artıq düşünən, müstəqillik arzusunda olan adamlar bilməlidirlər ki, güclü ordusuz müstəqillik ola bilməz”.
Başqa bir çıxışında isə Heydər Əliyev bildirirdi ki, əgər müharibə olmasa da, torpaqlarımıza heç kəs təcavüz etməsə də Azərbaycanın müstəqilliyini, suverenliyini təmin etmək üçün onun qüdrətli ordusu olmalıdır. Ona görə də atəşkəs dövründə də ordu quruculuğu dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrildi, bu prosesin uğurlu aparılamsı üçün mühüm tədbirlər həyata keçirilməyə başladı. O cümlədən, güclü ordunun formalaşdıırlması üçün zəruri olan qanunvericilik bazası yaradıldı, ölkənin iqtisadi gücü artıqca hərbi büdcə də artmağa bşladı, dövlətin ordu quruculuğu prosesinə rəhbərliyi gücləndirildi, milli hərbi kadrların yetişdirilməsi üçün mükəmməl təhsil bazası quruldu, ordunun maddi-texniki təchizatı xeyli dərəcədə yaxşılaşdırıldı, ordu daxilində mənəvi-psixoloji durum daha da sağlamlaşdırıldı, nizam-intizam hərbi tələbləri səviyyəsinə qaldırıldı, ordu quruculuğunda ardıcıllıq və elmilik təmin edildi.
Ali Baş Komandan kimi Heydər Əliyev tərəfindən dövlət quruculuğunun tərkib hissəsi olan ordu quruculuğunun qarşısında dayanan vəzifələrin, bu vəzifələrin həyata keçirilməsi üçün zəruri dövlət siyasətinin, bu siyasəti həyata keçirəcək qüvvə və vasitələrin düzgün müəyyənləşdirilməsi, bu prosesi bütünlüklə qanuni çərçivəyə salması və dövlətin mərkəzləşdirilmiş rəhbərliyi altına gətirməsi Azərbaycan Ordusunun sağlam əsaslar üzərində formalaşmasına və möhkəmlənməsinə yol açdı. Nəticədə, Azərbaycan Ordusu Heydər Əliyevin prezidentliyi illərində bölgənin güclü ordularından birinə çevrildi. Yəni belə bir güc formalaşdırıldı.
Ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevrirdi.
Ordunun infrastrukturasının yenilənməsi, kadr hazırlığının dünya təcrübəsi səviyyəsinə qaldırılması, şəxsi heyətə qayğının daha da artırılması qoşunları döyüş hazırlığına yeni tələblərin irəli sürülməsi ordunun döyüş qüdrətini yüksəltdi. Bunu Azərbaycanın dostları da, düşmənləri də etiraf etmək məcburiyyətində qaldılar. Yenidən elmi-nəzəri əsaslar üzərində qurulmasına ulu öndər Heydər Əliyevin prezidentliyi illərində başlanan Azərbaycan Ordusu dünyanın 50 güclü orduları sırasında yer tutdu.
Azərbaycan Ordusunun güclənməsi, əslində, Azərbaycan dövlətinin güclənməsinin əyani ifadəsi oldu. Xalqın dövlət rəhbərliyi ətrafında sıx birləşməsi, dövlətə dəstək olması ordunun şəxsi heyətinin mənəvi simasını müəyyənləşdirən əsas amilərdən birinə çevrildi. Ulu öndər tərəfindən əsasları qoyulmuş güclü dövlət, güclü xalq və güclü ordu müasir Azərbaycanın da mənzərəsini müəyyənləşdirən əsas dəyərlərdir.
Dövlətin, xalqın və ordunun gücü isə hələ 2020-ci ilin iyulunda Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu sahəsində baş vermiş erməni silahlı təxribatının qarşısının alınması zaman bütün dünyanı heyrətdə qoydu. Respublikanın bütün ərazisində xalq küçələrə axışdı, Azərbaycan dövlətinin yanında olduğunu bəyan etdi, dövlətin rəhbərliyi altında erməni silahlı qüvvələrini Azərbaycanın işğal altında olan ərzsilərindən süpürüb atmağa hazır olduğunu bildirdi. Vətən müharibəsi dövründə isə Azərbaycanın güclü dövləti, güclü xalqı və güclü ordusu dəmir yumruğa çevrildi, çoxlarının təsəvvür edə bilməyəcəyi bir qüdrəti özündə əks etdirdi, himayədarlarının yardımı ilə Azərbaycan torpaqlarında əbədilik kök salacaqlarına şübhə etməyən ermənilərə və dünya erməniliyinə, eləcə də onların işğalçılığı qarşısında vicdan səslərini unutmuş böyük qüvvələrə layiq olduqları dərs verildi.
Ermənistan Azərbaycan qarşısında diz çökdü, Ermənistan ordusu məhv edildi, erməniliklə bərabər erməni xislətində olanlara göz dağı verildi. Azərbaycan xalqı yenidən işğal altında qalmış torpaqlarına qayıtdı, Şuşaya döndü. Ulu öndər Heydər Əliyevin də ata vəsiyyəti həyata keçdi. Bu gün onunla birlikdə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş minlərlə şəhidin də ruhu şaddır. Çünki Qarabağ yenidən Azərbaycandır!